BİZNES

14 Yanvar

ƏDV-nin bir hissəsi vətəndaşlara nə vaxt geri qaytarılacaq ?

2020-ci il yanvarın 1-dən etibarən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılması ilə bağlı qanuna dəyişiklilər qüvvəyə minib.

Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən verilən məlumata görə, bu məsələ çoxdan vergi qanunvericiliyində öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb. ƏDV-nin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır: “Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra ƏDV-nin geri qaytarılmasına başlanılacaq. Bu proses III mərhələ də yekunlaşacaq.

ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar hələ  təsdiq edilməyib

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı ictimaiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirilməsi ilə bağlı mətbuat konfransında Vergilər nazirinin birinci  müavini Sahib Ələkbərov vətəndaşların alış-veriş zamanı ödədikləri ƏDV-nin bir hissəsinin geri qaytarılması məsələsi ilə bağlı bildirmişdi ki,  "Qanunvericiliyin bu tələbinin tətbiqi ilə bağlı digər sənədlər hazırlanmalı, tənzimləyici qaydalar olmalıdır. Yubanma bununla əlaqədardır. ƏDV-nin qaytarılması ilə bağlı qaydalar Prezident Fərmanı ilə təsdiq ediləcək. Düşünürük ki, gələn ilin əvvəlində həmin qaydalar təsdiq ediləcək və ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkün olacaq".

Bununla bağlı operatorun müəyyən edildiyini bildirən S.Ələkbərov vuğrulayıb ki, ƏDV-nin geri qaytarılmasını təmin etmək üçün yeni nəsil kassa aparatları quraşdırılmalıdır. Artıq yanvarın 1-dək quraşdırılmalı olan cihazların böyük qismi quraşdırılıb: "Yanacaqdoldurma məntəqələrində işlər tam başa çatıb. İndi proses "Mall" tipli böyük ticarət mərkəzlərində, mebel mağazalarında davam etdirilir. Bu istiqamətdə mebel mağazaları çox zəif işləyirlər. Düşünürük ki, yanvar-fevral aylarında bu məsələlər həllini tapacaq. Yeni nəsil nəzarət-kassa aparatları da işləyəcək. Düşünürəm ki, yaxın aylarda ƏDV-nin qaytarılmasında problem olmayacaq".

Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi Ülvi Mansurov nəzarət-kassa aparatlarının quraşdırılmasının Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun aparıldığını qeyd edib: "Artıq 1-ci və 2-ci mərhələlər yekunlaşmaq üzrədir. Yeni ilin birinci rübündən vətəndaşların alış-veriş zamanı ödədikləri ƏDV-nin geri qaytarılmasına başlamağı planlaşdırırıq. O vaxta qədər qaydalar və digər qanunvericilik aktları da təsdiq edilməlidir".

Qeyd edək ki, “ Fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir.

Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği,gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır.

Həmçinin, 102-ci maddəyə edilən dəyişikliklə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır. Bundan başqa, 106-cı maddəyə edilən dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçriilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır. 

Bu güzəştlərin tətbiqində məqsəd kassa qəbzinin vurulmasını artırmaq, həm də nağdsız ödəmələrin ən çox “axsadığı” sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaqdır.

Qeyd edək ki, vətəndaşlar verginin onlara çatan hissəsini bir neçə aydan sonra ala biləcək.

 Müəllif: Aynur Qəniyeva