Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası 21-28 yanvar tarixlərində hökumətlə ölkədə baş verən iqtisadi proseslərə dair məsləhətləşmələr aparılması məqsədilə Azərbaycana səfər edəcək
“21-28 yanvar tarixlərində BVF-nin nümayəndə heyəti Bakıya səfər edəcək. Nümayəndə heyətinə Azərbaycan üzrə missiyanın rəhbəri Natalya Tamirisa rəhbərlik edəcək”, - bunu BVF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində BVF-nin missiyası Azərbaycan hökuməti ilə ölkə iqtisadiyyatında baş verən son prosesləri müzakirə edəcək.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir