Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gənclərin İnkişaf və Karyera Mərkəzinin regionlardakı nümayəndəlikləri ilə əməkdaşlığını genişləndirəcək.
KOBİA-dan fins.az -a bildirilib ki, bu əməkdaşlıq ölkə regionları üzrə agentliyin “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçiriləcək və gənclər sahibkarlıq fəaliyyəti üçün mövcud dövlət dəstəyi mexanizmləri, bu sahədəki layihə və proqramlar, digər yeniliklər barədə mütəmadi olaraq məlumatlandırılacaq, onlara lazımi informasiya və məsləhət xidmətləri göstəriləcək.
Əməkdaşlıq çərçivəsində KOBİA və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə gənclərin sahibkarlıq bacarıqlarının artırılmasına dair tədbir keçirilib. Tədbirdə KOBİA və Gənclərin İnkişafı və Karyera Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Gənclər Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və müxtəlif bankların nümayəndələri tərəfindən “Biznesdə maliyyə kapitalının əldə edilməsi və idarə olunması” mövzusunda məlumatlandırılıb, onların sualları cavablandırılıb.