BİZNES

27 Dekabr

Özəlləşdirilən səhmdar cəmiyyətinin fəaliyyətinə xitam verilir

İnvestisiya müsabiqəsi yolu ilə özəlləşdirilən və “Az Varvara” MMC tərəfindən alınmış “Varvara balıq” ASC ləğv edilir.

Fins.az Marja-ya istinadən xəbər verir ki, 27 yanvar 2020-ci il tarixində Yevlax rayonu, Varvara kəndində yerləşən inzibati binada “Varvara balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı  keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyinə “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması, “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması ilə bağlı qoşulmanın dövlət qeydiyyatına alındığı tarixdən “Varvara balıq” ASC-nin fəaliyyətinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələrinin “Az Varvara” MMC-yə keçməsi məsələləri daxildir.

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cari ilin 12 aprel tarixində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Varvara Balıq” ASC-nin səhmlərinin 100 %-nin satışı üzrə investisiya müsabiqəsi elan edilmişdi.

 

Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Az Varvara” Məhdud Məsuliyyətli Cəmiyyəti “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

 

Qalib şirkət müəssisənin müasir texnologiyalar əsasında yenidən qurulması üçün 12 milyon manat investisiya yatıracağı, həmçinin dövlət büdcəsinə 1 milyon 250 min manat məbləğində pul vəsaitini köçürəcəyi bildirilmişdi. Müəssisədə bölgə, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır.

 

1956-cı ildə yaradılmış, Yevlax rayonu, Varvara kəndində yerləşən “Varvara Balıq” müəssisəsi balıqartırma və balıqyetişdirmə ilə məşğul olur.