BİZNES

18 Dekabr

2020-ci il üçün iqtisadi proqnozlar -Azərbaycan

İqtisadiyyat Nazirliyi iqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanması prosesində mütəmadi olaraq, proqnozlara mühüm önəm verir. Şübhəsiz ki, bu zaman ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qlobal meyllər və çağırışlar nəzərə alınır. 

Nazirlikdə mövcud sahədə baş verən iqtisadi proseslər diqqət mərkəzində saxlanılmaqla, habelə respublikada görülən işlərə, möhkəm iqtisadi təmələ əsaslanılmaqla, qarşıdakı 2020-ci ildə inkişafın davamlılığının müşahidə ediləcəyi vurğulanıb. Bu, eyni zamanda, konkret rəqəmlərlə də ifadə edilib. Belə ki, ÜDM-in real artımının 3 faiz, o cümlədən neft sektoru üzrə 1,6 faiz, qeyrineft sahəsində isə 3,8 faiz təşkil edəcəyi proqnozlaşdırılıb. Gələn il, həmçinin qeyri-neft sənayesinin 8,8 faiz, kənd təsərrüfatının 4,8 faiz artacağı bildirilib.

Xidmətlər sektorunda artımın 3,6 faiz, nəqliyyatda 4,4 faiz, rabitə və informasiyada 8,7 faiz, ticarətdə 4,5 faiz, turizmdə 6 faiz olacağı gözlənilir. Proqnozlara görə, 2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payının 65 faizi ötəcəyi proqnozlaşdırılıb.

Yuxarıda qeyd edilənlərlə yanaşı, gələn il əsas kapitala investisiya qoyuluşunun 18,3 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard manatının isə xarici investisiyaların payına düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu investisiyaların 7,7 milyard manatı neft sektoruna, 10,6 milyard manatı isə qeyri-neft sektoruna yönəldiləcək. Əsas kapitala yönəldiləcək investisiyaların 11,1 milyard manatı və ya 60 faizdən çoxu qeyri-dövlət sektoru tərəfindən yatırılacaq.

İnvestisiyalarda bank sektorunun rolunun artırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, maliyyə dərinliyi (kreditlərin qeyrineft ÜDM-ə nisbəti) 2014-cü ildəki 51 faizdən 2019-cu ilin avqust ayının sonuna 27,8 faizə enib. Qeyrineft investisiyalarına əsaslanan artımın əldə edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin Strateji Yol Xəritəsində müəyyən olunan 60 faizə çatdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

Yeri gəlmişkən, ABŞ Energetika Nazirliyi 2020-ci il üçün Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları da açıqlayıb. Həmin nazirliyin Enerji İnformasiya İdarəsinin dekabr ayında enerji bazarının icmalında dərc edilən proqnozuna görə, Azərbaycanda neft və kondensat hasilatının 2020-ci il üçün rüblük proqnozu belədir: 2020-ci ilin birinci və ikinci rüblərində hasilat gün ərzində 0,77 milyon barel və 0,76 milyon barel, üçüncü və dördüncü rüblərində isə gündə 0,75 milyon barel təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının əsas həcmi “Azəri Light” markalı yüngül neft hasil edən “Azəri-Çıraq-Günəşli” dəniz yataqları blokunun payına düşür.

Yuxarıda qeyd etdik ki, İqtisadiyyat Nazirliyi tərəfindən iqtisadi və sosial inkişaf konsepsiyası ötən illərin sosial-iqtisadi göstəriciləri, ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qlobal meyllər və çağırışlar nəzərə alınmaqla hazırlanır. İqtisadiyyata sərmayə qoyuluşunda da bu amil nəzərə alınır. Bu baxımdan deyə bilərik ki, son 16 ildə iqtisadiyyata 250 milyard dollar məbləğində investisiya yatırılması da əvvəlki illərdə əldə edilən iqtisadi inkişafla bağlıdır. Məhz belə bir yüksəlişin nəticəsidir ki, hazırda Azərbaycan şaxələndirilmiş iqtisadiyyat sisteminə malikdir. Bu sahədə ciddi nailiyyətlər qazanılıb. Neft sənayesi ardıcıl inkişaf edib, müasir texnologiyalarla təchiz olunan onlarca yeni sənaye müəssisəsi fəaliyyətə başlayıb. “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb, mövcud istehsal obyektləri genişləndirilib.

Hazırda innovasiyalı istehsal iqtisadiyyatda, o cümlədən aqrar sahədə aparıcı istiqamətə çevrilir. İxrac üçün sənaye məhsulları istehsalı yüksək sürətlə artır.

İqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan verib. Pambıqçılıq, taxılçılıq, ipəkçilik, üzümçülük, çayçılıq, tərəvəzçilik, çəltikçilik və arıçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri dirçəldilib. Meyvə - badam, fındıq, sitrus, xurma, zeytun, qoz, nar bağlarının sahəsi xeyli genişlənib. Aqroparklar ölkənin landşaftını tanınmaz dərəcədə dəyişib, xarici dövlətlərin Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı xeyli artıb.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə respublikada nəhəng transmilli nəqliyyat layihələri həyata keçirilib: Bakı-TbilisiCeyhan əsas neft ixrac kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, 2014-cü il sentyabrın 20-də təməli qoyulan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Dəyəri 40 milyard dollardan artıq olan bu layihə yüksək sürətlə reallaşdırılıb və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, həmin il iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsinin reallaşdırılması qrafik üzrə davam edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb və ŞimalCənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasına başlanıb. 2017-ci il oktyabrın 30-da Bakıda Bakı–Tbilisi–Qars dəmir yolunun rəsmi açılışı olub. Bu dəmir yolunun tikintisi 2007-ci ildə başlanmışdı. Azərbaycanın Rusiya, İran və Gürcüstan ilə sərhədlərinə qədər yeni magistral avtomobil yolları çəkilib. Azərbaycan böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb edən bu beynəlxalq layihələri reallaşdırmaqla Avrasiyanın çox mühüm tranzit və logistika mərkəzinə çevrilir.

Kosmik orbitə 3 peyk çıxaran Azərbaycan dünyada sayı çox olmayan kosmik ölkələr klubuna daxil olub. 2013-cü il fevralın 8-də Azərbaycanın birinci, 2014-cü il iyunun 30-da ikinci, 2018-ci il sentyabrın 26-da isə üçüncü telekommunikasiya peyki orbitə çıxarılıb.

2003-cü ildən sonrakı dövrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib. Yüzlərlə tarixi bina, muzey, teatr və kitabxanada genişmiqyaslı yenidənqurma və təmir işləri aparılıb, onlar yeni avadanlıqla təchiz edilib. Ölkədə 16 il ərzində 15 min kilometrdən çox asfalt yol çəkilib, 443 körpü inşa edilib. Bakı Metropoliteninin 4 yeni stansiyası istifadəyə verilib. Cəmi iki il bundan əvvəl Xəzər dənizində ən iri beynəlxalq liman – Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Bu müddətdə Azərbaycanda altısı beynəlxalq olmaqla, 7 aeroport tikilib.

2003-2019-cu illərdə ölkədə 31 elektrik stansiyası tikilib istifadəyə verilib. Nəticədə Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etməyə başlayıb. Ölkənin yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi göstəricisi artaraq 51 faizdən 95 faizə çatdırılıb. Oğuz–Qəbələ–Bakı su kəməri xətti çəkilib, ən iri sutəmizləyici qurğu tikilib, regionlarda çoxsaylı subartezian quyuları qazılıb, yüzlərlə modul tipli sutəmizləyici qurğu istifadəyə verilib, əhalinin içməli su ilə fasiləsiz təchizatı təmin olunub.

Sosial sahədə islahatlar inqilabi xarakter daşıyır. 2019-cu il sentyabrın 1-dən etibarən pensiyalar, əlilliyə görə müavinətlər, tədris müəssisələrində təqaüdlər yüz faizdən çox artırılıb. Dövlət qulluqçularının, hüquq mühafizə orqanlarının işçilərinin, hərbi qulluqçuların və başqalarının əməkhaqqı artırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev postneft dövründə iqtisadiyyatı bacarıqla idarə edərək ölkəni yeni inkişaf yollarına çıxarıb. 2016-cı ildə Azərbaycan iqtisadiyyatında xarici şokların və əsas ticarət tərəfdaşlarının resessiyasının təsiri altında baş verən qısamüddətli tənəzzül 2017-ci ildə sabitləşmə və 2018-ci ildə iqtisadi artımla əvəz olundu. Buna səbəb Prezident İlham Əliyev tərəfindən qısa müddətdə mühüm qərarların qəbul edilməsi olub.