BİZNES

17 Dekabr

"Baktelecom"un xalis qazancı 2 dəfədən çox azalıb

“Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") 2018-ci ili 4 milyon 486 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, MMC 2017-ci ili 10 milyon 244 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə telekommunikasiya şirkətinin xalis mənfəəəti 2,3 dəfə azalıb.

Fins.az Marja-ya istinadən xəbər verir ki, 2017-ci ildə 67 milyon 945 min manat təşkil etmiş əsas gəlirlər 2018-ci ildə 69 milyon 698 min manata yüksəlib. Xidmətlərin maya dəyəri isə 35 milyon 325 min manatdan 38 milyon 55 min manata qalxıb.

Həmçinin ötən il “Bakı Telefon Rabitəsi” 1 milyon 25 min manat sair gəlirlər əldə edib. Şirkət 2017-ci ildə 13 milyon 642 min manat sair gəlirlər əldə etmişdi.

“Bakı Telefon Rabitəsi”nin ümumi, inzibati və sair əməliyyat xərcləri 30 milyon 249 min manatdan 25 milyon 912 min manata düşüb.

2017-ci illə müqayisədə 2018-ci ildə sair gəlirlərin kəskin azalması “Bakı Telefon Rabitəsi”nin xalis mənfətinin də azalmasına təsir göstərib.

"Bakı Telefon Rabitəsi" MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.