Azərbaycan Dövlət İqtisad Universitetində "Sahibkarlığın inkişafında vergi siyasəti: xarici təcrübə və Azərbaycan nümunəsi" mövzusunda dəyirmi masa keçirilib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən verilən məlumata görə, tədbirdə çıxış edən Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov dövlət və özəl sektor arasında dialoqun beynəlxalq təcrübəsindən danışıb. O, təmsil etdiyi universitetin alkoqollu içkilərə tətbiq edilən vergilərin onun istehlakına təsiri, fiksal siyasətin uğurlu tənzimlənməsi kimi mövzularda apardığı araşdırmaların nəticələri barədə məlumat verib.
Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva vergi siyasətinin iqtisadiyyata investisiya qoyuluşlarının təşviqində mühüm rolunu qeyd edib.
Qeyri-şəffaflığın aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü vurğulayan S.Musayeva Vergi Məcəlləsinə dəyişikliklər, onların sosial-iqtisadi əhəmiyyəti barədə danışıb.
Tədbirdə Vergilər və İqtisadiyyat nazirliklərinin nümayəndələri, ictimaiyyət və biznes nümayəndələri, elm adamları iştirak ediblər.