"Bu gün Azərbaycanda startaplara xüsusi vergi güzəştləri tətbiq edilir. Qanunvericilikdə nəzərdə tutulmuş 3 illik güzəşt bəzən daxili bazarda haqsız rəqabətə səbəb olur".
Fins.az xəbər verir ki, bunu “Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.
Onun fikrincə, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik edilməlidir: "Elə etmək lazımdır ki, həmin 3 ilin tamamında mikro sahibkarlar hesabat versinlər və məlum olsun ki, onlar ölkə üçün nə ediblər? Digər tərəfdən qanunvericilikdəki boşluqdan mikro sahibkarlar sui-istifadə edə bilərlər. Qanunda göstərilir ki, əgər 3 ilin tamamında həmin sahibkarın dövriyyəsi 200 min manatı keçməzsə, növbəti 3 ildə də onun mikro sahibkar kimi qeydə alınmasına şərait yaradıla bilər. Hesab edirəm ki, məhz bu hal sui-istifadəyə şərait yaradır və qanunvericilikdəki bu boşluq aradan qaldırılmalıdır".
Vergilər Nazirliyinin nümayəndəsi Samirə Musayeva isə qeyd edilən iradlarla razılaşıb: "Mən sizinlə razıyam ki, startaplara-mikro sahibkarlara edilən vergi güzəştləri haqsız rəqabətə şərait yaradır. Amma sizə onu da deyim ki, bu gün ölkəmizdə investisiya təşviqi sənədi alan iri sahibkarlıq subyektləri də kifayət qədər güzəştlər əldə edib. Dediyiniz sui-istifadə halına gəldikdə isə deyə bilərəm ki, bu da biznesin inkişafına mane olan amillərdəndir və biz bütün bunlarla bağlı məsələləri bir də nəzərdən keçirəcəyik".
© Report