BİRJA

10 Fevral

Rusiya fond bazarı səhər sessiyasına enişlə başlayıb

Finss.az - Çərşənbə axşamı Moskva Birjasında (MOEX) səhər sessiyasının əvvəlində Rusiya fond bazarı mülayim eniş nümayiş etdirib.

Alıcılar üçün əsas məhdudlaşdırıcı amillər Ukrayna üzrə nizamlanma danışıqlarında yaranmış fasilə, cümə günü keçiriləcək Mərkəzi Bankın əsas faiz dərəcəsi ilə bağlı iclası, həmçinin xarici xammal bazarlarında mənfi konyunkturadır. Belə ki, metallarla yanaşı neft də ucuzlaşır, Brent markalı neftin qiyməti bir barel üçün 68,9 dollar səviyyəsində ticarət olunur. Ticarətin ilk dəqiqəsində IMOEX2 indeksi 0,1% geriləyib.

Moskva vaxtı ilə saat 07:01-ə olan məlumata görə, Moskva Birjası indeksi 2 721,71 bənd təşkil edib (-0,1%). Enən səhmlər arasında “LUKOYL” (-0,6%), “MMK” (-0,5%), “Aeroflot” (-0,4%), VTB (-0,4%) və “Rusal” (-0,4%) ön sıralardadır.

Rusiya Mərkəzi Bankının 10 fevral tarixindən etibarən müəyyən etdiyi ABŞ dollarının rəsmi məzənnəsi 77,6502 rubl təşkil edir ki, bu da 59,62 qəpik artım deməkdir.

Bununla yanaşı, “NLMK” (-0,3%), Moskva Birjası (-0,2%), “Surgutneftegaz”ın imtiyazlı səhmləri (-0,2%), “Tatneft” (-0,2%), “ALROSA”, “Qazprom”, “Severstal”, PIK Qrup, “Inter RAO”, “Polyus”“Yandex” (-0,1%) səhmləri də ucuzlaşıb.

Eyni zamanda “MTS” (+0,4%), “Norilsk Nikel” (+0,4%), “PhosAgro” (+0,4%), HeadHunter (+0,3%), “Rosneft” (+0,2%), “Surgutneftegaz” (+0,2%) və AFK “Sistema” (+0,2%) səhmlərində artım qeydə alınıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi bildirib ki, Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş yalnız Ankorage-də əldə edilmiş anlaşmalar sayəsində mümkün ola bilər. Onun sözlərinə görə, bu istiqamətdə işlər davam edir və Kremlin mövqeyinə əsasən, danışıqlar qapalı rejimdə aparılmalıdır.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov TV BRICS-ə müsahibəsində Rusiyanın ABŞ-ın Ankorage-də irəli sürdüyü təklifləri qəbul etdiyini, lakin Vaşinqtonun indi həmin təkliflərə hazır olmadığını bildirmişdi. Lavrovun sözlərinə görə, praktiki addımlar əksinə, yeni sanksiyaların tətbiqi və dənizdə gəmilərə qarşı təzyiqlərlə müşayiət olunur.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker isə Vaşinqtonun Ukrayna böhranının həlli üçün konkret vaxt çərçivəsi müəyyən etmədiyini bildirib. Eyni zamanda Bloomberg agentliyi Aİ-də Ukraynanın mümkün razılaşma çərçivəsində Avropa İttifaqına üzvlüyü ilə bağlı təminatların müzakirə edildiyini xəbər verib.

“Finam” maliyyə qrupunun analitiki Dmitri Lozovoyun fikrincə, bazar iştirakçıları Mərkəzi Bankın əsas faiz dərəcəsini endirməyəcəyini gözlədiyindən riskə maraq azalır və qeyri-müəyyənlik artır.

Texniki baxımdan Moskva Birjası indeksi 2 700–2 800 bəndlik yan kanalın aşağı sərhədinə doğru lokal eniş trendi formalaşdırır. Bununla belə, bazarda artıq müəyyən həddə satılmış vəziyyət müşahidə olunur ki, bu da yaxın zamanda yuxarı istiqamətli korrektiv sıçrayış ehtimalını artırır.

ABŞ-da əvvəlki sessiyada fond indeksləri 0,04–0,9% artımla bağlanıb. Asiya bazarlarında da əsasən müsbət dinamika müşahidə olunur, lakin ABŞ fond fyuçersləri cüzi eniş göstərir.

Neft bazarında isə qiymətlər əvvəlki gün Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlıqlar fonunda yüksəldikdən sonra yenidən korreksiya mərhələsinə daxil olub. ABŞ və İran arasında Omanda keçirilmiş danışıqların müsbət qiymətləndirilməsi riskləri müəyyən qədər azaltsa da, regionda vəziyyət gərgin olaraq qalır. ABŞ hərbi mövcudluğunu artırır, İran isə uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edir.

Bununla yanaşı, bazar iştirakçıları Qərb ölkələrinin Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmağa yönəlmiş addımlarını da diqqətlə izləyir. Avropa Komissiyası ötən cümə günü Rusiya neftinin daşınmasına tam qadağa tətbiq edilməsini təklif edib.