Finss.az - Neft kotirovkaları əvvəlki gün 1%-dən çox artımdan sonra mülayim şəkildə ucuzlaşır.
Buna baxmayaraq, ötən cümə günü Omanda keçirilən danışıqların nəticələrinin hər iki tərəf – ABŞ və İran tərəfindən müsbət qiymətləndirilməsinə rəğmən, ölkələr arasındakı münasibətlərdə ciddi gərginliyin qorunub saxlanması bazara təsir göstərməkdə davam edir.
ABŞ Maliyyə Nazirliyi fevralın 9-da ABŞ bayrağı altında üzən gəmilərə Hörmüz boğazından keçərkən İran sularından mümkün qədər uzaq durmağı tövsiyə edib. Buna səbəb ötən həftə bölgədə gəmilərdən birinin təqibə məruz qalması olub. Hörmüz boğazı Yaxın Şərq neftinin ixracı üçün əsas marşrut hesab edilir və qlobal neft tədarükünün təxminən beşdə biri bu boğazdan keçir. Regionda gərginliyin artması neft bazarı üçün ciddi risklər yaradır.
Moskva vaxtı ilə saat 8:20-yə olan məlumata görə, Londonun ICE Futures birjasında aprel ayı üçün Brent markalı neftin fyuçersləri 0,11 dollar (0,16%) ucuzlaşaraq bir barel üçün 68,93 dollara enib. Bazar ertəsi Brent-in qiyməti 0,99 dollar (1,45%) artaraq 69,04 dollar təşkil edib.
Eyni vaxtda Nyu-Yorkun NYMEX əmtəə birjasında mart ayı üçün WTI markalı neftin fyuçersləri elektron ticarətdə 0,16 dollar (0,23%) ucuzlaşaraq bir barel üçün 64,20 dollar olub. Əvvəlki sessiyada kontraktın qiyməti 0,81 dollar (1,27%) artaraq 64,36 dollara çatmışdı.
“Bu həftə və ehtimal ki, ayın sonunadək neft bazarındakı dinamika fundamental amillərdən daha çox İranla bağlı risk mükafatının dəyişməsi ilə müəyyən olunacaq”, – deyə Ritterbusch and Associates konsaltinq şirkətinin icmalında qeyd olunur.
Treydrlərin diqqət mərkəzində Rusiya neftinin qlobal bazara tədarükü ilə bağlı vəziyyət də qalmaqdadır. Reuters agentliyinin əldə etdiyi sənədə əsasən, Avropa İttifaqı Rusiyaya qarşı hazırlanan 20-ci sanksiya paketi çərçivəsində ilk dəfə olaraq üçüncü ölkələrin limanlarına – xüsusilə İndoneziya və Gürcüstana məxsus limanlara – Rusiya nefti ilə işlədiklərinə görə sanksiyalar tətbiq etməyi təklif edir. Məlumata görə, söhbət Gürcüstandakı Kulevi və İndoneziyadakı Karimun limanlarından gedir.
