BİRJA

05 Fevral

ABŞ fond indeksləri qarışıq bağlandı

ABŞ fond bazarları çərşənbə günü ticarəti qarışıq nəticələrlə başa vurub. İnvestorlar açıqlanan makroiqtisadi göstəriciləri və iri şirkətlərin rüblük maliyyə hesabatlarını qiymətləndiriblər.

ADP Employer-in hesabatına görə, yanvar ayında ABŞ-da özəl sektorda iş yerlərinin sayı cəmi 22 min artıb. Bu rəqəm bazar gözləntilərindən xeyli aşağıdır. Analitiklər 48 min artım proqnozlaşdırırdı. Dekabr ayı üzrə göstərici də 41 mindən 37 minə endirilib.

ISM-in açıqladığı məlumata əsasən, xidmət sektorunda biznes aktivliyi indeksi yanvarda 53,8 bənd səviyyəsində qalaraq dəyişməyib. Bu, son aylarda ən yüksək göstəricilərdən biridir və sektor üzrə genişlənmənin davam etdiyini göstərir.

Şirkət hesabatları fonunda ayrı-ayrı səhmlərdə kəskin hərəkətlər qeydə alınıb. Super Micro Computer rüblük gəlir və mənfəətin gözləntiləri üstələməsindən sonra 13,8% bahalaşıb. Eli Lilly səhmləri 10,3%, Amgen isə 8,2% artım göstərib.

Bunun əksinə olaraq, AMD səhmləri güclü maliyyə nəticələrinə baxmayaraq 17,3% ucuzlaşıb. Bu eniş yarımkeçirici sektorunda zəncirvari satışlara səbəb olub — Nvidia, Broadcom və Applied Materials səhmləri də geriləyib. Uber isə zəif proqnoz açıqladıqdan sonra 5,2% dəyər itirib.

Ticarət sessiyasının yekununda Dow Jones indeksi 0,53% artaraq 49 501 bəndə yüksəlib. SP 500 indeksi 0,51% azalaraq 6 882 bəndə düşüb. Nasdaq Composite isə 1,51% geriləyərək 22 904 bənddə bağlanıb.