BİRJA

04 Fevral

ABŞ birjaları enişlə bağlandı

Finss.az - ABŞ fond bazarları çərşənbə axşamı ticarət sessiyasını azalma ilə başa vurub.

İnvestorlar hökumətin qismən bağlanması (shutdown) fonunda vacib makroiqtisadi statistikanın dərcinin təxirə salınmasını və iri şirkətlərin maliyyə hesabatlarını qiymətləndiriblər.

ABŞ Əmək Nazirliyinin Statistika Bürosu yanvar ayı üzrə işsizlik və dekabr üzrə vakansiya statistikasının açıqlanmasını shutdown səbəbilə ertələyib. Bu amil bazarlarda qeyri-müəyyənliyi artırıb.

Federal Ehtiyat Sisteminin rəhbərliyində təmsil olunan Stiven Miran isə bildirib ki, mövcud pul-kredit siyasəti həddindən artıq sərtdir və bu il faiz dərəcələrinin 100 baza bəndindən çox azaldılması məqsədəuyğun olardı. Onun bu açıqlaması faiz gözləntiləri ilə bağlı müzakirələri yenidən gücləndirib.

Korporativ hesabatlar fonunda PayPal səhmləri 20% dəyər itirib. Şirkətin maliyyə nəticələri və proqnozları bazar gözləntilərini qarşılamayıb, üstəlik rəhbərlik dəyişikliyi elan olunub.

Əksinə, PepsiCo, Palantir, Merck, Western Digital və Walmart səhmlərində artım qeydə alınıb. Walmartın bazar kapitallaşması tarixdə ilk dəfə 1 trilyon dollar həddini keçib.

Günün yekununda Dow Jones 0,34%, SP 500 0,84%, Nasdaq isə 1,43% geriləyib.