Finss.az - ABŞ fond bazarları bazar ertəsi günü artımla bağlanıb.
İnvestorlar qiymətli metallar bazarındakı kəskin ucuzlaşmanın yaratdığı ilkin təzyiqi arxada qoyaraq makroiqtisadi statistika və korporativ xəbərlərə fokuslanıblar.
Ticarət sessiyasının yekununda Dow Jones Industrial Average indeksi 1,05% artaraq 49 407,66 bəndə yüksəlib. SP 500 indeksi 0,54% artımla 6 976,44 bənd, Nasdaq Composite isə 0,56% yüksəlişlə 23 592,11 bənd səviyyəsində bağlanıb.
ABŞ-da Təchizatın İdarəedilməsi İnstitutunun (ISM) açıqladığı istehsal sektorunda işgüzar aktivlik indeksi (ISM Manufacturing) yanvarda 47,9 bənddən 52,6 bəndə yüksələrək 2022-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb. Analitiklər göstəricinin 48,5 bənd olacağını gözləyirdi. İndeksin 50 bənddən yuxarı olması sektorda genişlənməyə işarə edir. Bu göstərici bundan əvvəl 10 ay ardıcıl olaraq 50-dən aşağı idi.
Ticarət zamanı texnologiya sektorunun səhmlərində güclü artım qeydə alınıb. Sandisk səhmləri 15,4%, Western Digital 8%, Seagate Technology 6,2%, Micron Technology 5,5%, Apple 4,1%, AMD 4%, Cisco 3%, IBM 2,6%, Alphabet 1,7%, Amazon isə 1,5% bahalaşıb.
Turizm və əyləncə sektorunda da yüksəliş müşahidə olunub. Carnival və Norwegian Cruise Line səhmləri müvafiq olaraq 8,1% və 7,7%, Las Vegas Sands isə 5,5% artıb. Walmart 4,1%, Visa 3,7%, Merck isə 2,8% dəyər qazanıb.
Tyson Foods səhmləri rüblük hesabatın bazar gözləntilərini üstələməsi fonunda 0,6% yüksəlib.
Dow Jones indeksində ən böyük eniş Walt Disney şirkətinin səhmlərində qeydə alınıb — kağızlar 7,4% ucuzlaşıb. Nvidia səhmləri 2,9% geriləyib. Şirkətin baş direktoru Jensen Huang mediada yayılan, OpenAI ilə investisiya razılaşmasından narazı olması barədə xəbərləri təkzib edib və şirkətin yeni investisiya raundunda OpenAI-yə iri həcmdə yatırım planlaşdırdığını bildirib.
Tesla səhmləri 2%, Microsoft 1,6%, Meta isə 1,4% ucuzlaşıb.
Enerji sektorunda Devon və Coterra şirkətlərinin birləşmə razılaşması xəbəri fonunda səhmlər müvafiq olaraq 0,2% və 3,6% düşüb. Neft qiymətlərinin azalması Exxon Mobil səhmlərini 2,1%, Chevron-u isə 1,6% aşağı salıb.
Yanacağın ucuzlaşması isə aviaşirkətlərin kotirovkalarına müsbət təsir göstərib. JetBlue 8,2%, United Airlines 4,9%, Delta Air Lines 4,8%, Southwest Airlines isə 4,5% bahalaşıb.
