BİRJA

03 Fevral

Avropa fond birjalarında indekslər yüksəldi

Finss.az - Qərbi Avropanın aparıcı fond indeksləri bazar ertəsi günü inamlı artım nümayiş etdirib.

İnvestorların makroiqtisadi göstəricilərə və şirkət xəbərlərinə müsbət reaksiyası fonunda birjalar günü yüksəlişlə başa vurub.

Avropanın ən iri şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi gün ərzində 1% artaraq 617,31 bəndə çatıb.

Əsas milli indekslər də müsbət dinamika göstərib: Britaniyanın FTSE 100 indeksi 1,15%, Almaniyanın DAX və İtaliyanın FTSE MIB indeksləri hər biri 1,05%, Fransanın CAC 40 indeksi 0,7%, İspaniyanın IBEX 35 indeksi isə 1,3% yüksəlib.

Yanvar ayı üzrə avrozonada istehsal sektorunun PMI indeksi HCOB və SP Global-ın yekun məlumatlarına əsasən 48,8 bənddən 49,5 bəndə yüksəlib. Göstəricinin 50 bənddən aşağı qalması sektorda daralmanın davam etdiyini göstərir. Trading Economics analitikləri indeksin 49,4 bənd səviyyəsində qalacağını proqnozlaşdırırdı.

Almaniyada sənaye PMI göstəricisi yanvarda 47 bənddən 49,1 bəndə qalxıb. İtaliyada bu göstərici 48,1 bəndə yüksəlib, Fransada isə 51,2 bəndlə artım zonasında qalıb. İspaniyada isə indeks 49,2 bəndə geriləyib.

Almaniyada pərakəndə satışlar dekabrda əvvəlki ayla müqayisədə 0,1% artıb. Analitiklər 0,2% azalma proqnozlaşdırırdı.

Şirkətlər arasında ən güclü artımlardan biri Danimarkanın zərgərlik istehsalçısı Pandora-nın səhmlərində qeydə alınıb — qiymətli kağızlar 9,2% bahalaşıb.

Bank sektorunda da yüksəliş üstünlük təşkil edib. BNP Paribas, Societe Generale, Credit Agricole, Commerzbank, NatWest, Barclays, UniCredit və ING daxil olmaqla bir sıra iri bankların səhmləri 1–3,5% aralığında artıb. Intesa Sanpaolo səhmləri isə 0,2% yüksəlib. Bank 2029-cu ilin sonunadək səhmdarlara təxminən 50 milyard avro ödəmə planını açıqlayıb və mənfəətin 95%-ni dividend və geri alışlara yönəltməyi planlaşdırır.

İsveçrənin Julius Baer bank qrupu 2025-ci ildə xalis mənfəətin 25% azaldığını bildirsə də, idarə olunan aktivlərin həcmi rekord səviyyəyə çatıb. Şirkətin səhmləri 1,1% artıb.

Fransanın İT xidmətləri provayderi Capgemini ABŞ-dakı törəmə şirkətini satacağını açıqladıqdan sonra səhmləri 2,4% bahalaşıb.

Eyni zamanda, qiymətli metallar və xammal bazarındakı ucuzlaşma fonunda mədən şirkətlərinin səhmlərində eniş qeydə alınıb. Endeavour Mining 2,7%, Fresnillo 0,9%, Antofagasta isə 0,2% dəyər itirib.

Neft-qaz sektorunda da zəifləmə müşahidə olunub: BP 0,4%, Shell 0,5%, TotalEnergies 0,9%, Equinor isə 1,7% ucuzlaşıb.

BAE Systems səhmləri 2,6% geriləyib. Buna səbəb şirkət əməkdaşlarının əmək haqqı və iş şəraiti ilə bağlı mübahisə fonunda fevralın 2-dən etibarən tətilə hazırlaşmasıdır.