BİRJA

02 Fevral

Neft qiymətləri 4%-dən çox ucuzlaşdı

Finss.az - Bazar ertəsi dünya neft bazarında kəskin ucuzlaşma müşahidə olunur.

ABŞ prezidenti Donald Trampın açıqlamasına görə, İran ABŞ ilə mübahisəli məsələlər üzrə danışıqlara “ciddi” yanaşır. Bu xəbər investorların mümkün hərbi müdaxilə riskinə dair narahatlığını azaltmışdır.

Bazar ertəsi Londonun ICE Futures birjasında apreldə çatdırılacaq Brent fyuçersləri 3,31 dollar (4,77%) ucuzlaşaraq 66,01 dollar/barel səviyyəsinə düşüb. Nyu-Yorkun NYMEX birjasında mart fyuçersləri isə 3,21 dollar (4,92%) ucuzlaşaraq 62 dollar/barel olub. Qeyd edək ki, ötən həftə Brent 6 ayın, WTI isə sentyabr ayından bəri ən yüksək səviyyədə ticarət olunmuşdu.

Phillip Nova şirkətinin analitiki Priyanka Sachedva qeyd edib ki, Trampın İranı nüvə sazişi ilə razılaşmağa və ya etirazçıları təzyiq altında saxlamamağa məcbur edəcəyi ilə bağlı təhdidləri yanvar ayı boyunca neft qiymətlərini dəstəkləyib. “Bazar ertəsi qiymətlərin geri çəkilməsi ABŞ dollarının möhkəmlənməsi ilə də əlaqəlidir”, – deyə o əlavə edib.

Eyni zamanda, OPEK+ ölkələrinin nazirləri həftəsonu keçirilən aylıq görüşdə ilk rübdə hasilat artımına fasilə vermək qərarını təsdiqləyib. Beləliklə, mart ayı üçün kvotalar dekabr ayı səviyyəsində qalacaq.