BİRJA

02 Fevral

ABŞ fond bazarları enişlə bağlanıb

Finss.az - ABŞ fond bazarları cümə günü enişlə bağlanıb. İnvestorlar iri şirkətlərin maliyyə hesabatlarını və Kevin Uorşun ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri vəzifəsinə namizəd göstərilməsi ilə bağlı xəbəri qiymətləndiriblər.

ABŞ prezidenti Donald Tramp Truth Social platformasında paylaşım edərək Kevin Uorşu FES rəhbəri vəzifəsinə namizəd seçdiyini bildirib. Namizədlik Senat tərəfindən may ayına qədər təsdiqlənməlidir. Həmin vaxt mövcud sədr Cerom Pauellin səlahiyyət müddəti başa çatır.

Kevin Uorş 2006–2011-ci illərdə FES-in idarə heyətinin üzvü olub. O, son dövrlərdə uçot dərəcələrinin aşağı salınması ilə bağlı çağırışları dəstəkləyib. Brown Brothers Harriman şirkətindən Elias Haddadın sözlərinə görə, Uorşun faiz endirimlərini dəstəkləməsi riskli aktivlər üçün müsbət siqnal sayılsa da, onun FES balansının ciddi şəkildə kiçildilməsi mövqeyi bazarlar üçün əlavə qeyri-müəyyənlik yaradır.

Makroiqtisadi statistikada isə ABŞ-da istehsalçı qiymətləri indeksi (PPI) dekabr ayında noyabrla müqayisədə 0,5% artıb ki, bu da son üç ayın ən yüksək göstəricisidir. İllik artım 3% təşkil edib. Analitiklər aylıq 0,2%, illik isə 2,7% artım gözləyirdilər.

Bazar iştirakçıları eyni zamanda şirkətlərin rüblük hesabatlarını izləyiblər.

Apple səhmləri 0,5% bahalaşıb. Şirkət 2026 maliyyə ilinin birinci rübündə gəlirini 16% artırdığını açıqlayıb və cari dövr üzrə güclü proqnoz verib.

Visa səhmləri 3% ucuzlaşıb. Şirkətin rüblük xalis mənfəəti 14%, gəliri isə 15% artsa da, bu nəticələr bazar iştirakçılarını tam qane etməyib. American Express səhmləri də maliyyə göstəricilərində artıma baxmayaraq 1,8% dəyər itirib.

Enerji sektorunda Exxon Mobil dördüncü rübdə xalis mənfəətin 16% azaldığını açıqlasa da, düzəliş edilmiş göstərici bazar proqnozlarını üstələyib — səhmlər 0,6% artıb. Chevron isə mənfəətin 14% azalmasına baxmayaraq gözləntilərdən yaxşı nəticə göstərib və səhmləri 3,3% yüksəlib.

Colgate-Palmolive səhmləri 5,9% bahalaşıb. Şirkət birdəfəlik silinmələr səbəbindən rübdə xalis zərər açıqlasa da, gəlir artımı proqnozları üstələyib.

Verizon Communications xalis mənfəətin kəskin azalmasına baxmayaraq gəlirin cüzi artdığını və abunəçi sayında ciddi yüksəliş olduğunu bildirib. Şirkət 25 mlrd dollar həcmində səhmlərin geri alınması proqramını elan etdikdən sonra kotirovkalar 11,8% sıçrayıb.

Günün yekununda əsas indekslər aşağı düşüb:

  • Dow Jones – 0,36% azalaraq 48 892,47 bənd

  • SP 500 – 0,43% enərək 6 939,03 bənd

  • Nasdaq Composite – 0,24% azalaraq 23 461,82 bənd səviyyəsində bağlanıb.