Finss.az - 29 yanvar 2026-cı il tarxində Bakı Fond Birjası (BFB), Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə təşkilatçılığı ilə “Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu” keçirilib.
Forumun açılış nitqləri AR Mərkəzi Bankının baş direktoru Fuad İsayev, Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov, Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasının sədri Orxan Bağırov və Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev tərəfindən səsləndirilib.
Azərbaycanda ilk dəfə olaraq mikromaliyyə sektoru ilə kapital bazarı iştirakçılarını bir araya gətirən mikromaliyyə forumunun əsas məqsədi Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə investorlar arasında birbaşa dialoq mexanizminin yaradılması, mikromaliyyə sektorunda mövcud investisiya imkanlarının təqdim edilməsi və kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsindən ibarətdir.
Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, digər milli tənzimləyici qurumların nümayəndələri, kapital bazarı iştirakçıları, investorlar, həmçinin regionlarda fəaliyyət göstərən aparıcı BOKT-lar olmaqla 90 nəfərdən artıq nümayəndə iştirak edib. Forum çərçivəsində investorlar mikromaliyyə institutlarının maliyyə göstəriciləri, biznes modelləri və investisiya təklifləri ilə birbaşa tanış olublar.
Tədbir çərçivəsində keçirilən Maliyyə Sektorunda Gender Bərabərliyinə dair Mükafatlandırma mərasimində “FINCA Azerbaijan” MM QBKT “Gender Bərabərliyinin Təşviqində qabaqcıl təşkilat” nominasiyası üzrə AMFA Mükafatı ilə təltif olunub. Daha sonra “Embafinans” QSC, “FINCA Azerbaijan” MMC, “İnkişaf üçün Maliyyə” MMC, “MCB” MMC, “Monetri” MMC, “Prior Credit” MMC və “Regional” MMC Bank Olmayan Kredit Təşkilatları tərəfindən təqdimatlar edilib.
Forum KİV nümayəndələri ilə görüş, sual-cavab sessiyası, yekun müzakirələr, eləcə də B2B formatında şəbəkələşmə ilə yekunlaşıb.

