BİRJA

30 Yanvar

Avropa fond bazarlarında qarışıq dinamika: korporativ hesabatlar və geosiyasi risklər diqqət mərkəzindədir

Finss.az - Avropanın səhm bazarları cümə axşamı keçirilən ticarətlərin yekununda vahid dinamika nümayiş etdirməyib.

İnvestorlar qeyri-bərabər korporativ maliyyə hesabatlarını, eləcə də geosiyasi risklərlə bağlı xəbərləri qiymətləndiriblər.

Avropanın aparıcı şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi ticarətlərin bağlanışında 0,23% azalaraq 607,14 bəndə enib.

Böyük Britaniyanın FTSE 100 indeksi 0,17%, Fransanın CAC 40 indeksi 0,06% artıb. Almaniyanın DAX indeksi isə 2,07% geriləyərək dekabr ayından bəri minimum səviyyəyə düşüb. İtaliyanın FTSE MIB indeksi 0,14%, İspaniyanın IBEX 35 indeksi isə 0,1% azalıb.

Geosiyasi gərginlik və əmtəə bazarları

Trederlər İran ətrafında baş verən hadisələri diqqətlə izləməyə davam edirlər. ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan edib ki, Tehran Vaşinqtonla nüvə proqramı üzrə razılaşmaya gəlməyəcəyi təqdirdə ABŞ ordusu ötən ilin yayındakından qat-qat güclü zərbə endirməyə hazırdır.

Bu açıqlamalar neft qiymətlərinin yüksəlməsinə, həmçinin investorların daha etibarlı aktivlərə – o cümlədən qiymətli metallara marağının artmasına səbəb olub. Ticarət zamanı qızıl və gümüş qiymətləri rekord səviyyələrə yüksəlsə də, axşam saatlarında kəskin geriləmə qeydə alınıb.

Neft şirkətlərinin səhmləri bahalaşıb: BP – 1,3%, Shell – 2,4%, TotalEnergies – 1,7%, Eni – 1,6%.

Mədən sektorunda da müsbət dinamika müşahidə olunub: Anglo American səhmləri 1%, Glencore0,7%, Antofagasta2,3%, BHP1,5% bahalaşıb.

Şirkət hesabatları

Stoxx Europe 600 indeksində günün ən böyük itirən şirkəti Almaniyanın proqram təminatı istehsalçısı SAP olub – səhmlər 16,1% ucuzlaşıb. Şirkət oktyabr–dekabr dövründə gəlirini 3% artırsa və 10 mlrd. avro həcmində səhmlərin geri alınması (buyback) proqramı elan etsə də, əməliyyat mənfəəti bazar gözləntilərini doğrultmayıb. Bundan əlavə, SAP-in süni intellekt strategiyası ilə bağlı narahatlıqlar səhmlərə təzyiq göstərməkdə davam edir.

Nokia Corp. səhmləri 9,4% ucuzlaşıb. Finlandiyalı telekommunikasiya avadanlığı istehsalçısının dördüncü rübdə xalis mənfəəti 1,5 dəfə azalıb, baxmayaraq ki, düzəliş edilmiş mənfəət və gəlir analitik proqnozlarını üstələyib.

Keçən rüb üzrə gözlənilmədən xalis zərər açıqlayan STMicroelectronics şirkətinin kapitallaşması 5,8% azalıb.

Həmçinin Ocado Group (-9,2%), Puma (-8,3%) və Ashtead Group (-7,6%) şirkətlərinin səhmləri kəskin ucuzlaşıb.

İsveçin Hennes Mauritz AB (HM) şirkətinin bazar dəyəri 0,7% azalıb. Avropada geyim mağazaları şəbəkəsinə görə ikinci ən böyük şirkət olan HM-in rüblük gəliri təxminən 5% azalsa da, xalis mənfəəti təxminən 1,5 dəfə artıb.

Günün əsas artım liderlərindən biri ABB Ltd. olub – şirkətin səhmləri 8,5% bahalaşıb. İsveç–İsveçrə mənşəli elektrotexniki avadanlıq istehsalçısı ötən rübdə xalis mənfəətini və gəlirini artırıb, nəticələr bazar proqnozlarını üstələyib.

Əczaçılıq şirkəti Roche-un səhmləri maliyyə hesabatının dərcindən sonra 2,6% yüksəlib.

Makroiqtisadi göstəricilər

Avropa Komissiyasının məlumatına görə, 2026-cı ilin yanvarında avrozonada biznes və istehlakçı etimadı indeksi 99,4 bəndə yüksəlib ki, bu da 2023-cü ilin yanvarından bəri ən yüksək göstəricidir. Dekabr ayı üzrə göstərici əvvəl açıqlanan 96,7 bənd deyil, 97,2 bənd olub. Trading Economics məlumatlarına əsasən, analitiklər indeksin 97 bəndə yüksələcəyini gözləyirdilər.