Bakı Fond Birjasında istiqraz bazarında ilkin bazar üzrə investor fəallığı artsa da, təkrar bazarda likvidliyin məhdud qalması əsas çağırışlardan biridir.
Bakı Fond Birjasının Layihələrin idarəedilməsi üzrə böyük inzibatçı Ülkər Əhmədzadə Finss.az-a müsahibəsində istiqraz bazarının mövcud vəziyyəti, EBRD-nin dəyişkən faizli emissiyasının əhəmiyyəti, fərdi investorların maraqları və bazarın inkişafı üçün planlaşdırılan yeniliklərdən danışıb.
– Bakı Fond Birjasında istiqraz bazarının likvidliyi və ticarət həcmi ilə bağlı hazırkı problemlər hansılardır və investorlar bu məsələlərdən necə təsirlənir?
– Bakı Fond Birjasında istiqraz bazarının likvidliyi və ticarət həcmi üzrə mövcud vəziyyətə dair qeyd etmək olar ki, ilkin bazarda hazırda investor fəallığı müşahidə olunur və keçirilən hərraclarda tələbin təklifi davamlı şəkildə üstələməsi qeydə alınır. Bu hal yerli şirkətlərin istiqraz emissiyası vasitəsilə maliyyələşməyə üstünlük verdiyini, habelə ümumilikdə yerli kapital bazarına olan etimadın formalaşdığını və möhkəmləndiyini göstərir.
Bununla yanaşı, təkrar bazarda əməliyyatlar ilkin bazarla müqayisədə daha məhdud xarakter daşıyır və hazırkı mərhələdə likvidliyin əsas hissəsi qısa müddətli dövlət və korporativ istiqrazlarda cəmləşmişdir. Mövcud şəraitdə təkrar bazarın fəallaşdırılmasında əsas istiqamət marketmeyker fəaliyyətidir və hazırda bir neçə istiqraz üzrə marketmeyker mexanizmi tətbiq olunur.
2024-cü ildə səhm bazarı üzrə tətbiq edilmiş məsafədən ticarət imkanlarının istiqraz bazarı üzrə də cari il ərzində bazar iştirakçılarına təqdim edilməsi planlaşdırılır. Əlavə olaraq, cənab sədr Ruslan Xəlilovun öncəki çıxışlarında qeyd etdiyi kimi, Bakı Fond Birjasının “Tabadul Trading Hub”a qoşulması nəzərdə tutulur və hazırda inteqrasiya üzrə testlər aparılır. Bu, Bakı Fond Birjasında ticarət olunan qiymətli kağızların “Tabadul” platforması vasitəsilə ticarətə açılmasını təmin edəcək və nəticə etibarilə həmin qiymətli kağızların xarici investorlar üçün əlçatanlığını artıracaq.
– Avropa Yenidənqurma və İnkişaf Bankının ötən il həyata keçirdiyi dəyişkən faizli istiqraz emissiyasının əsas xüsusiyyətləri və kapital bazarları üçün əhəmiyyəti nədən ibarət olmuşdur?
– Bildiyiniz kimi, ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən istiqraz emissiyası həyata keçirilmişdir. Sözügedən istiqrazlar dəyişkən faizli olub, kupon dərəcəsi hər faiz dövrü üzrə yenilənir və istinad faiz dərəcəsinə indeksləşdirilir. İstinad faiz dərəcəsi kimi tətbiq edilən AZİR (Azerbaijan Interbank Rate) banklararası təminatsız bazarda bağlanmış əqdlər əsasında formalaşır və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən gündəlik əsasda rəsmi qaydada açıqlanır.
Bu istiqrazların emissiyası kapital bazarları üçün son dərəcə mühüm bir addım olmuşdur. Belə ki, bu, yerli valyutada beynəlxalq maliyyə institutu tərəfindən emissiya edilmiş, təmiz qiymət ilə ticarət olunan və dəyişkən faizli olan ilk istiqrazdır. Qeyd etmək lazımdır ki, bu emissiya, istiqraz qiymətinin faiz dərəcələrindəki dəyişikliklərə həssaslığını ifadə edən durasiyasının sıfıra yaxın olması baxımından daxili bazarda emissiya olunmuş ilk qiymətli kağızdır.
– Kiçik və fərdi investorların istiqraz bazarına marağı nədən ibarətdir və hansı məhsullar daha çox diqqət çəkir?
– Bu kateqoriyaya aid investorlar daha çox qısa və orta müddətli, manatla buraxılan dövlət istiqrazlarına üstünlük verirlər. Eyni zamanda, korporativ istiqrazlara marağın tədricən artdığı da müşahidə olunur.
Kiçik və fərdi investorların bazarda iştirak səviyyəsinin artırılması məqsədilə Birja tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İlk növbədə, istiqraz bazarında EBRD istiqrazlarında olduğu kimi ticarətin təmiz qiymət prinsipi əsasında aparılmasına keçid planlaşdırılır. Habelə qiymətli kağızların qiymətləndirilməsi ilə bağlı vahid və beynəlxalq praktikaya uyğun standartların yaxın gələcəkdə qəbul edilməsi nəzərdə tutulur. Bu tədbirlər investorların qərarvermə prosesini asanlaşdıracaq və bazarın ümumi şəffaflıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir.
Bununla yanaşı, istiqrazların mobil tətbiq üzərindən ticarətə açılması planlaşdırılır ki, bu da investorlara bir neçə sadə addımda birjada ticarət olunan istiqrazları təkrar bazarda əldə etmək imkanı yaradacaqdır.
– Bazar iştirakçıları üçün təhsil və maarifləndirmə ehtiyacları necə formalaşır? Investorlar istiqraz məhsullarını qiymətləndirmə zamanı hansı suallara cavab axtarır?
– Bu suala dəqiq cavab vermək üçün bazar iştirakçılarını iki əsas qrupa ayırmaq olar: institusional və fərdi investorlar. Hər iki qrup üçün təhsil və maarifləndirmə ehtiyacları tədricən, bazara yeni investisiya alətləri təqdim edildikcə formalaşır. Lakin qeyd etmək lazımdır ki, bazarda mövcud olan alətlərin geniş investor kütləsi üçün əlçatanlığı artdıqca, məsələn, birbaşa mobil tətbiqlər vasitəsilə birjaya sifariş yerləşdirmək imkanları genişləndikcə, bu, fərdi investorların maarifləndirilməsinə, araşdırmaya və investisiya təhlilinə yönəlməsinə təkan verir.
Qeyd etmək istərdik ki, bazar iştirakçılarının maarifləndirilməsi istiqraz bazarının inkişafında strateji əhəmiyyət kəsb edir. İstiqraz bazarında iştirak edən investorlar yalnız məhsulun gəlirliliyini deyil, eyni zamanda emitentin risk profilini də düzgün dəyərləndirməlidirlər. İnvestorlar istiqraz məhsullarını qiymətləndirərkən real gəlirlilik, likvidlik səviyyəsi, potensial qiymət dəyişkənliyi, komissiya xərcləri və vergi ödənişləri kimi amilləri nəzərə alırlar.
Bu məqsədlə Bakı Fond Birjası universitetlərdə müxtəlif mövzularda təlimlər həyata keçirir, televiziya və radio proqramlarında maarifləndirici çıxışlar edir, həmçinin rəqəmsal platformalar vasitəsilə maliyyə savadlılığının artırılmasına yönəlmiş layihələr reallaşdırır. Bu tədbirlər bazar iştirakçılarının investisiya qərarlarının əsaslandırılmasına və bazarda şəffaflığın yüksəldilməsinə xidmət edir.
– İstiqraz bazarında USD istiqrazlarının ticarətinə investorların marağı necə formalaşır?
– İnvestorların USD istiqrazlarına olan marağı bir neçə istiqamətdə formalaşır. İlk növbədə, investorlar investisiya portfellərini diversifikasiya etmək məqsədilə AZN istiqrazları ilə yanaşı yerli təşkilatlar tərəfindən buraxılan USD istiqrazlarına da vəsait yerləşdirirlər.
İnstitusional investorlar, xüsusilə maliyyə qurumları isə öz valyuta mövqelərini daha effektiv şəkildə idarə etmək məqsədilə yerli USD istiqrazlarına maraq göstərirlər.
Fuad Mədətov
Finss.az

