Finss.az xəbər verir ki, cümə axşamı ticarət əməliyyatlarından sonra Moskva Birjasında Çin yuanı ucuzlaşıb, rubl isə möhkəmlənib. Valyuta bazarında bu dinamika xarici siyasətdə mümkün müsbət irəliləyişlərlə bağlı gözləntilərlə əlaqələndirilir.
Bazar iştirakçıları Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov arasında cümə axşamı axşam saatlarında keçirilməsi planlaşdırılan Ukrayna sülh prosesi ilə bağlı görüşdən pozitiv nəticələr gözləyirlər. Məhz bu gözləntilər rublun mövqelərini gücləndirib.
Moskva vaxtı ilə saat 19:00-a olan məlumata görə, Çin yuanının məzənnəsi 10,83 rubl təşkil edib. Bu göstərici əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 12,5 qəpik ucuzlaşma deməkdir.
Birja ticarət məlumatları və kredit təşkilatlarının birjadankənar valyuta bazarında saat 10:00-dan 15:30-dək həyata keçirdikləri banklararası konvertasiya əməliyyatları üzrə hesabatlara əsasən, Rusiya Mərkəzi Bankı 23 yanvar tarixindən etibarən rəsmi dollar məzənnəsini 1,48 rubl azaldaraq 76,0382 rubla, avro məzənnəsini isə 1,93 rubl endirərək 88,7898 rubla müəyyən edib.
Analitiklərin fikrincə, geosiyasi risklərin azalacağına dair gözləntilər yaxın dövrdə rublun valyuta bazarındakı mövqeyini dəstəkləməyə davam edə bilər.
