BİRJA

22 Yanvar

ABŞ-Avropa münasibətlərində gərginlik

Finss.az xəbər verir ki, Qrenlandiya ilə bağlı ABŞ və Avropa arasında artan gərginlik fonunda Qərbi Avropanın aparıcı ölkələrinin fond indeksləri ardıcıl ikinci ticarət sessiyasını enişlə başa vurub.

Avropanın ən iri şirkətlərini əhatə edən Stoxx Europe 600 kompozit indeksi çərşənbə axşamı 0,7% azalaraq 602,8 bəndə enib. Bir gün əvvəl indeks 1,2% geriləyərək son iki ayda maksimum günlük enişi qeydə almışdı.

Milli indekslər üzrə də mənfi dinamika müşahidə olunub. Belə ki:

  • Britaniyanın FTSE 100 indeksi 0,67%,

  • Almaniyanın DAX indeksi 1,03%,

  • Fransanın CAC 40 indeksi 0,61%,

  • İtaliyanın FTSE MIB indeksi 1,07%,

  • İspaniyanın IBEX 35 indeksi isə 1,34% dəyər itirib.

Xatırladaq ki, ötən həftəsonu ABŞ prezidenti Donald Tramp, Qrenlandiyanı ilhaq etmək planlarını dəstəkləməyən Avropa ölkələrindən idxal olunan mallara rüsumların artırılacağını bəyan edib. Bu açıqlama bazarlarda qeyri-müəyyənliyi daha da artırıb.

Buna cavab olaraq, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa ölkələri mümkün tariflərin tətbiqinə koordinasiyalı şəkildə reaksiya verməyə hazırdır. Analitiklər hesab edirlər ki, ABŞ-Avropa ticarət münasibətlərində gərginliyin dərinləşməsi qısa müddətdə Avropa fond bazarlarında təzyiqi davam etdirə bilər.