Finss.az xəbər verir ki, ABŞ və Avropa İttifaqı arasında Qrenlandiya ilə bağlı artan gərginlik fonunda aparıcı Qərbi Avropa ölkələrinin fond bazarları ardıcıl ikinci ticarət sessiyasını enişlə başa vurub. Geosiyasi risklərin yüksəlməsi investorların ehtiyatlı mövqe tutmasına səbəb olub.
Çərşənbə axşamı Avropanın ən iri şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi 0,7% azalaraq 602,8 bəndə enib. Qeyd edək ki, indeks bir gün əvvəl 1,2% geriləyərək son iki ayın ən böyük gündəlik itkilərindən birini qeydə almışdı.
Milli indekslər də mənfi dinamika nümayiş etdirib. Böyük Britaniyanın FTSE 100 indeksi 0,67%, Almaniyanın DAX indeksi 1,03%, Fransanın CAC 40 indeksi 0,61%, İtaliyanın FTSE MIB indeksi 1,07%, İspaniyanın IBEX 35 indeksi isə 1,34% azalıb.
Xatırladaq ki, ötən həftə sonu ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ilhaq etmək planlarını dəstəkləməyən Avropa ölkələrindən idxala daha yüksək tariflərin tətbiq olunacağını açıqlayıb. Buna cavab olaraq, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Avropa ölkələri mümkün tariflərə qarşı koordinasiyalı və birgə cavab verməyə hazırdır.
Analitiklərin fikrincə, tərəflər arasında ticarət və siyasi gərginliyin dərinləşməsi Avropa fond bazarlarında volatilliyi yaxın dövrdə də yüksək səviyyədə saxlaya bilər.
