Finss.az xəbər verir ki, Qrenlandiya ətrafında gərginliyin artmasına baxmayaraq, ABŞ-ın İrana qarşı hərbi hücum təhlükəsinin gündəmdən çıxması fonunda qlobal neft bazarında qiymətlər enişini davam etdirib. Bazar ertəsi axşam saatlarında Brent və WTI markalı xam neftin qiymətlərində azalma qeydə alınıb.
Moskva vaxtı ilə saat 17:20-yə olan məlumata görə, London ICE Futures birjasında mart ayı üçün Brent fyuçerslərinin qiyməti 0,35 dollar və ya 0,55% azalaraq bir barel üçün 63,78 dollara düşüb. Eyni zamanda, NYMEX elektron ticarət platformasında fevral ayı üçün WTI fyuçersləri 0,26 dollar və ya 0,44% ucuzlaşaraq 59,18 dollar səviyyəsində qərarlaşıb.
Analitiklərin fikrincə, neft qiymətlərinə əsas təsir göstərən amillərdən biri ABŞ-ın Yaxın Şərqdə hərbi eskalasiyadan çəkinməsi olub. Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları və Avropa ölkələrinə qarşı tarif qərarları da bazar iştirakçıları tərəfindən diqqətlə izlənilir.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Qrenlandiyanı milli təhlükəsizlik səbəbilə ilhaq etmək niyyətini açıqlamışdı. Ötən həftə sonu isə bu planı dəstəkləməyən bir sıra Avropa ölkələrinə qarşı 10% tarif tətbiq ediləcəyini bəyan edib. Prezident əlavə edib ki, 1 iyun 2026-cı ildən etibarən bu rüsumlar 25%-ə yüksəldiləcək və Vaşinqtonun Qrenlandiyanın tam satın alınması ilə bağlı razılaşma əldə edənədək qüvvədə qalacaq.
