BİRJA

19 Yanvar

Avropada Qaz Qiymətləri Son İki İlin Pik Həddinə Çatdı

Finss.az xəbər verir ki, Hollandiyanın TTF birjasında təbii qazın ilk aylıq fyuçerslərinin qiyməti Avropada yanvar ayının sonunda gözlənilən soyuq hava şəraiti fonunda kəskin şəkildə artaraq son iki ilin ən yüksək səviyyəsinə çatıb.

Moskva vaxtı ilə saat 19:34-ə olan məlumata görə, müqavilənin qiyməti 12,1% artaraq MVt/saat üçün 37,17 avro təşkil edib. Ticarət sessiyası zamanı isə qazın qiyməti 37,97 avro/MVt-saat səviyyəsinə qədər yüksəlib. Bu göstərici 2025-ci ilin iyun ayından bəri qeydə alınan ən yüksək qiymət hesab olunur.

Qeyd edək ki, son bir həftə ərzində qaz qiymətləri 30%-dən çox artıb. Bu isə son iki ildən artıq dövrdə müşahidə olunan ən güclü artım kimi dəyərləndirilir.

“The Wall Street Journal” nəşri ANZ Research analitiklərinə istinadən bildirir ki, Sibirdən gələn sərt və buzlu hava dalğasının Avropanı əhatə edəcəyi proqnozlaşdırılır. Bu isə istilik məqsədli qaz tələbatının artmasına və nəticə etibarilə qlobal LNG yükləri uğrunda rəqabətin güclənməsinə səbəb ola bilər.

Analitiklərin fikrincə, vəziyyəti çətinləşdirən əsas amillərdən biri də Avropada qaz anbarlarından intensiv istifadə olunmasıdır. Son məlumatlara görə, Avropa qaz anbarlarının doluluq səviyyəsi 52%-dən aşağı düşüb, halbuki son beş ilin orta mövsümi göstəricisi 67% təşkil edir. Bu fərq enerji bazarında əlavə təzyiq yaradır və qiymət artımlarını sürətləndirir.