Finss.az xəbər verir ki, bazar ertəsi keçirilən ticarət zamanı qızılın spot qiyməti yeni tarixi rekord qırıb. Moskva vaxtı ilə saat 09:22-yə olan məlumata görə, qızılın spot qiyməti əvvəlki sessiyanın bağlanışına nisbətən 1,5% artaraq unsiya üçün 4 574,77 dollar təşkil edib.
Ticarət sessiyasının əvvəlində isə qızılın spot qiyməti unsiya üçün 4 599,87 dollara yüksələrək tarixi maksimuma çatıb. Eyni zamanda, Comex birjasında qızıl fyuçersləri 1,9% bahalaşaraq unsiya üçün 4 586,5 dollar səviyyəsində qərarlaşıb.
Qızıl bazarındakı yüksəliş fonunda digər qiymətli metalların qiymətləri də artıb. Belə ki, gümüşün spot qiyməti 5,5%, platinin qiyməti 3,5%, palladiumun qiyməti isə 3,2% yüksəlib.
Analitiklərin fikrincə, qlobal iqtisadi qeyri-müəyyənliklər və investorların təhlükəsiz aktivlərə marağının artması qiymətli metallar bazarında bahalaşmanı sürətləndirir.
