Finss.az xəbər verir ki, cümə axşamı günü qlobal bazarlarda neft qiymətləri təxminən 2% artaraq yüksəliş trendini davam etdirib. Bazarda artımı dəstəkləyən əsas amillər ötən həftə ABŞ-ın xam neft ehtiyatlarında əhəmiyyətli azalma qeydə alındığını göstərən statistik məlumatlar, eləcə də Rusiya nefti alan ölkələrə qarşı daha sərt sanksiyaların tətbiq ediləcəyi ilə bağlı gözləntilər olub.
Moskva vaxtı ilə saat 18:10-a qədər Londonun ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçersləri 1,16 dollar və ya 1,93% bahalaşaraq bir barel üçün 61,12 dollara yüksəlib.
Eyni zamanda, NYMEX birjasında fevral ayı üçün WTI markalı neftin fyuçersləri 1,04 dollar və ya 1,86% artaraq barel üçün 57,03 dollar səviyyəsində qərarlaşıb.
Bazar iştirakçılarının diqqəti ABŞ-dan gələn siyasi açıqlamalara da yönəlib. ABŞ-ın Respublikaçı senatoru Lindsi Qrem bildirib ki, prezident Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə dəstək verib. Senatorun sözlərinə görə, sözügedən qanun layihəsi ilə bağlı səsvermənin gələn həftənin əvvəlində keçirilməsi gözlənilir.
Analitiklərin fikrincə, həm ehtiyatların azalması, həm də geosiyasi risklərin artması yaxın dövrdə neft qiymətlərinə əlavə dəstək verə bilər.
