Finss.az xəbər verir ki, bazar ertəsi günü Venesuelada baş verən hadisələr və qlobal maliyyə bazarlarında risklərin artması fonunda qızıl və digər qiymətli metalların qiymətləri yüksəlib. İnvestorların sığınacaq aktivlərinə yönəlməsi qiymət artımını sürətləndirib.
Xəbər verildiyi kimi, ABŞ xüsusi təyinatlı qüvvələri 3 yanvarda Venesuelada xüsusi əməliyyat keçirərək ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşını həbs edib. ABC News-un məlumatına görə, Nikolas Maduro bazar ertəsi günü Manhetten federal məhkəməsində çıxış edəcək. Onun narkotiklərlə bağlı ittihamlar üzrə mühakimə olunacağı və bu ittihamların bir neçə ömürlük həbs cəzası ilə nəticələnə biləcəyi bildirilir. ABŞ prezidenti Donald Tramp şənbə günü ölkəsinin müvəqqəti olaraq Venesuelaya nəzarəti ələ keçirəcəyini bəyan edib.
Bu geosiyasi gərginlik fonunda spot qızılın qiyməti ticarət zamanı 2,1 faiz artaraq unsiya üçün 4 422 dollara çatıb. Eyni zamanda, Comex birjasında fevral ayı üçün qızıl fyuçersləri 2,4 faiz bahalaşaraq unsiya üçün 4 433,3 dollar səviyyəsində qərarlaşıb.
Analitiklərin fikrincə, geosiyasi risklər və qeyri-müəyyənliklər davam etdiyi halda, qızılın təhlükəsiz investisiya aləti kimi cazibəsi yüksək olaraq qalacaq.
