BİRJA

29 Dekabr

“İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Qusar şəhərində baş tutdu

Finss.az - 26 dekabr 2025-ci il tarixində Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Mərkəzi Bankı və investisiya şirkətlərinin iştirakı ilə Qusar şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil edilib.

Tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları, Unicapital İnvestisiya Şirkətinin  Qiymətli kağız buraxılışında anderraytinq xidməti və – ABB İnvest İnvestisiya Şirkətinin Kapital Bazarında investor olmağın üstünlükləri mövzularında təqdimatları olub.

Qeyd edək ki, bu, sayca on səkkizinci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala və Şirvan şəhərlərində təşkil olunub. 

Mütəmadi şəkildə həyata keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.