BİRJA

12 Dekabr

Qlobal təklif artıqlığı neft bazarını çökdürür

Finss.az xəbər verir ki, dünya bazarında neft qiymətləri cümə axşamı axşamı kəskin ucuzlaşaraq oktyabr ayından bəri ən aşağı səviyyəyə enib. Saat 18:04-ə olan məlumata görə, London ICE Futures birjasında fevral ayı üçün Brent fyuçersləri 1,02 dollar və ya 1,64% ucuzlaşaraq barel üçün 61,19 dollara düşüb. Gün ərzində qiymət bir müddət 61 dollardan da aşağı enərək son iki ayın minimumunu yeniləyib.

Eyni zamanda, Nyu-York NYMEX birjasında yanvar ayı üzrə WTI fyuçersləri 1 dollar (1,71%) azalaraq barel üçün 57,46 dollar təşkil edib.

Neft qiymətlərinin enməsinə əsas səbəb qlobal yanacaq bazarında təklifin artıqlığı ilə bağlı narahatlıqların güclənməsidir. Analitiklər hesab edir ki, bazarda yaxın aylarda əlavə təklifin formalaşması qiymətlərə əlavə təzyiq yarada bilər.

Beynəlxalq Enerji Agentliyi (BEA) növbəti il üçün neft tələbatı artımı proqnozunu gündəlik 93 min barel artıraraq 863 min barelə çatdırıb. Bununla yanaşı, qurum qlobal neft təklifinin 2025-ci ildə gündə 2,4 milyon barel artacağını proqnozlaşdırır. BEA-nın ümumi qiymətləndirməsinə görə, yaxın dövrdə dünya neft bazarında təxminən 4 milyon barellik təklif artıqlığı yaranacaq.

Ekspertlər bu balanssızlığın qiymətlərin qısamüddətli perspektivdə təzyiq altında qalmasına səbəb olacağını bildirirlər.