BİRJA

11 Dekabr

Avropa bazarlarında qeyri-müəyyənlik

Finss.az xəbər verir ki, Qərbi Avropa fond bazarları çərşənbə günü qarışıq dinamika ilə bağlanıb. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclası öncəsi ehtiyatlı mövqe tutublar.

Avropanın əsas şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi 0,07% artaraq 578,17 bəndə yüksəlib. Böyük Britaniyanın FTSE 100 indeksi 0,1%, İspaniyanın IBEX 35 indeksi isə 0,2% artımla ticarət gününü müsbət başa vurub.

Bunun əksinə olaraq, aparıcı indekslərdən Almaniyanın DAX-ı 0,1%, Fransanın CAC 40 indeksi 0,4%, İtaliyanın FTSE MIB-i isə 0,25% dəyər itirib.

Bazarlardakı qarışıq hərəkətin əsas səbəbi FED-in çərşənbə axşamı başa çatacaq iclasının nəticələrinə dair gözləntilərdir. Analitiklərin böyük əksəriyyəti FED-in əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq 3,5–3,75% diapazonuna endirəcəyini proqnozlaşdırır. Belə olduqda, bu qərar ardıcıl üçüncü faiz endirimi olacaq.

Bununla yanaşı, treyderlərin bir qismi FED sədri Jerome Powell-in bundan sonra faiz endirimlərinə ara verəcəyini gözləyir. Hazırda bazarlar yanvar iclasında əlavə pul yumşalması ehtimalını cəmi 21% qiymətləndirir.

Avropa bazarlarında qeyri-müəyyənliyin yaxın günlərdə FED-in açıqlayacağı qərarlara paralel olaraq azalıb–azalmayacağı investorların diqqət mərkəzindədir.