Finss.az - 9 dekabr, 2025-ci il tarixində “Business Talks” çərçivəsində “Kapital Bazarları və İPO” mövzusunda tədbir baş tutub. Tədbir “PAŞA Holding”in təşkilatçılığı, Deloitte Azərbaycan şirkətinin tərəfdaş dəstəyi ilə həyata keçirilib.
Tədbir zamanı iki əsas sessiya baş tutub: Kapital bazarları mövzusuna dövlət baxışı sessiyası və mövzu üzrə korporativ sektorun fikir və gözləntiləri.
“Kapital bazarları mövzusuna dövlət baxışı” adlı sessiyasında çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda kapital bazarının mövcud vəziyyəti, əsas çağırışlar və növbəti illər üçün prioritetlər barədə fikirlərini bölüşüb. Bundan əlavə o son dövrlərdə pul bazarında aparırlan islahatlar, kapital bazarları üzrə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və IPO prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işləri vurğulayıb.
“Korporativ sektorun fikir və gözləntiləri” adlı ikinci sessiyada çıxış edən Bakı Fond Birjasının İdarə heyətinin sədri Ruslan Xəlilov Bakı Fond Birjasının ticarət platformasının hazırlılığı, kapital bazarları ekosistemi, linstinqə alınma mexanizmlərindən, eyni zamanda beynəlxalq layihə olan Tabadul ticarət platformasına qoşulmaqdan bəhs edib.
“Business Talks by PASHA Holding” adlı təşəbbüs müasir biznes dünyasında baş verən əsas tendensiyaların, çağırışların və strateji yanaşmaların müzakirə olunduğu oflayn və onlayn tədbirlər silsiləsidir. Təşəbbüsün əsas məqsədi dövlət və özəl sektorları arasında peşəkar dialoqu təşviq etmək və beləcə iqtisadi inkişafa təkan verməkdir.
