Azərbaycan Respublikasında dövlət borcu və maliyyə öhdəliklərinin idarə olunması sahəsində həyata keçirilən tədbirlər borc portfelinin strukturunda risklərin azaldılmasına, borc dayanıqlığının gücləndirilməsinə və uzunmüddətli sabitliyin təmin edilməsinə mühüm töhfə verib.
Finss.az Maliyyə Nazirliyinin məlumataın əsasən xəbər verir ki, cari il ərzində dövlət istiqrazlarının dövriyyə müddəti artırılıb, eyni zamanda xəzinə hesabında olan milli valyuta vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi mexanizmi tətbiq edilərək büdcəyə əlavə gəlir gətirən effektiv alətə çevrilib.
2025-ci il 1 yanvar tarixinə dövlət istiqrazları portfeli:
- 1–3 illik istiqrazlar: 91,4%
- 5–7 illik istiqrazlar: 8,6%
Bu vəziyyət orta ödəmə müddəti (OÖM) göstəricisinin 1,47 ilə qədər azalmasına və yenidən maliyyələşdirmə risklərinin artmasına səbəb olub.
Risklərin azaldılması üçün 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik istiqrazlarla əvəzlənib. Nəticədə, 2025-ci il 1 oktyabr tarixinə:
- 1–3 illik istiqrazların payı 60,6%-ə endirilib
- 5–10 illik istiqrazların payı 39,4%-ə yüksəlib
Bu tədbirlər nəticəsində dövlət istiqrazları üzrə OÖM 2024-cü ilin sonuna nisbətən 2,4 dəfə artaraq 3,52 ilə çatdırılıb.
Eyni zamanda, Maliyyə Nazirliyi 2025-ci ildən etibarən xəzinə hesabının milli valyutada olan vəsaitlərini aktiv idarə etməyə başlayıb. Xəzinə qalığının müəyyən hissəsi kapitallaşma və aktivlərinin həcminə görə ən iri beş yerli bankda depozitə yerləşdirilir.
Xəzinə qalığının idarə edilməsindən əldə olunan faiz gəliri (2025-ci il 1 oktyabr):
- Milli valyutada: 65,8 milyon manat
- Xarici valyutada: 9,3 milyon manat ekvivalent
- Ümumilikdə: 75,1 milyon manat (2024-cü ildə 17,5 milyon manat ilə müqayisədə 4,3 dəfə çox)
Beləliklə, görülmüş tədbirlər dövlət borcunun idarə olunmasında risklərin azaldılmasına, borc portfelinin dayanıqlığının möhkəmləndirilməsinə və dövlət büdcəsi vəsaitlərinin idarə edilməsində gəlirliliyin artırılmasına mühüm töhfə verib.
Fuad Mədətov
Finss.az