BİRJA

26 Sentyabr

Azərbaycan kapital bazarı “Clearstream” ilə beynəlxalq əməkdaşlığa başlayır

Finss.az - Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ilə dünyanın aparıcı qlobal depozitar və klirinq təşkilatlarından biri olan "Clearstream" şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə MDM-i Müşahidə Şurasının sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli, "Clearstream"i isə Qlobal Məhsullar üzrə Baş Meneceri Yan Vilyems təmsil edib.

Görüş zamanı depozitar xidmətlər sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri və Azərbaycan kapital bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyası məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı hesablaşma mexanizmlərinin yaradılması, o cümlədən MDM-in "Clearstream"də, "Clearstream"in isə MDM-də nominal saxlayıcı hesablarının açılması imkanları ilə bağlı müzakirələr aparıb.

Bu, "Clearstream"in geniş beynəlxalq investor bazasının Azərbaycan fond bazarına səmərəli çıxışının təmin edilməsi istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda, Azərbaycan fond bazarlarının da "Clearstream"in yaratdığı geniş beynəlxalq infrastrukturdan istifadə imkanı yaranacaq.

Tərəflər həmçinin, gələcək birgə fəaliyyətin istiqamətlərini müəyyən etmək və texniki imkanları daha ətraflı öyrənmək məqsədilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.