Finss.az - 2025-ci ilin sentyabr ayında Bakı Fond Birjasında dövlət istiqrazları üzrə həyata keçirilən hərraclarda investor marağı yüksək olub.
Maliyyə Nazirliyi tərəfindən 23 sentyabrda keçirilən 1080 günlük istiqrazların hərracında 20 milyon manatlıq buraxılışa 99,8 milyon manatlıq sifariş daxil olub.
Hərrac nəticəsində istiqrazların kəsmə qiyməti 100,8370 manat, gəlirliliyi isə 7,80% səviyyəsində müəyyən edilib. Reallaşdırılmış həcm 5,94 milyon manat təşkil edib. Eyni zamanda, 9 sentyabr tarixində keçirilmiş əvvəlki hərraclarda da ortalama qiymət 101,2674 manat, gəlirlilik 7,52% olub.
Analitiklərin fikrincə, təqdim edilən sifarişlərin nominal dəyərdən 5 dəfədən çox olması dövlət istiqrazlarına olan tələbin yüksək olduğunu göstərir. Bu isə investorların qiymətli kağız bazarına marağının artdığını və dövlət istiqrazlarının bazar dəyərinin sabit və cəlbedici olduğunu təsdiqləyir.
Bakı Fond Birjasında istiqrazların satışı həm dövlət büdcəsinin maliyyələşdirilməsinə dəstək verir, həm də investorlar üçün sabit gəlir imkanları yaradır.