BİRJA

24 Sentyabr

Bakı Fond Birjasında həftənin ortasında istiqraz və not bazarında aktivlik müşahidə olunub

Bakı Fond Birjasında həftənin ortasında istiqraz və not bazarında aktivlik müşahidə olunub.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu AZ2054008688 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi 22 sentyabr 2025-ci il tarixində həyata keçirilib. Bu istiqrazlar üzrə 3,00%-lik faiz gəliri 743,35 manat məbləğində hesablanıb və baza qiymət olaraq eyni məbləğ nəzərə alınacaq.

Həmin gün Listinq Komitəsi BOKT "International” ASC-nin 10 min ədəd faizli, təminatsız və sənədsiz istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verib. İstiqrazların ilkin qiyməti 100 manat, illik gəlirliliyi isə 18% təşkil edir. Ödənişlər hər 30 gündən bir həyata keçiriləcək və tədavül müddəti 3 il olacaq.

Eyni zamanda, "Bank of Baku" ASC-nin 200 min ədəd faizli, təmin edilməmiş istiqrazları abunə yazılışı üsulu ilə yerləşdirilib. İlkin qiyməti 100 manat, illik gəlirliliyi isə 13% olan istiqrazlar 18 aylıq tədavül müddətinə sahibdir. Abunə yazılışı 8–19 sentyabr 2025-ci il tarixlərində aparılıb və 23 sentyabr 2025-ci il tarixində istiqrazların yerləşdirilməsi baş tutub. Reallaşdırılmış həcm 20 milyon manat, sifarişlərin ümumi həcmi isə 23,43 milyon manat olub.

23 sentyabrda Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 1080 günlük dövlət ortamüddətli istiqrazları üzrə hərrac keçirilib. Buraxılış həcmi 20 milyon manat olan istiqrazların 5,94 milyon manatı reallaşdırılıb. Minimal qiymət 94,02 manat, maksimal qiymət isə 101,10 manat olub.

24–25 sentyabr tarixlərində isə Mərkəzi Bankın müxtəlif müddətli notlarının yerləşdirilməsi üzrə hərraclar təşkil olunub. 28 günlük AZ2519024700 notlarının hərracında 5 milyon manat həcmində emitent tam reallaşdırılıb. 168 günlük AZ2517024702 notlarının hərracında isə 2,5 milyon manat həcmində emitent tam satılıb. Hərraclarda minimal, maksimal və kəsmə qiymətləri investorlar üçün əvvəlcədən müəyyən olunubhesablaşmalar T+0 rejimində aparılıb.

Bakı Fond Birjasında həftənin ortasında aparılan əməliyyatlar göstərir ki, istiqraz və not bazarında tələbat hələ də yüksək olaraq qalır və dövlət istiqrazları ilə bağlı investor marağı davam edir.