Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azneftkimyamaş” ASC-nin tabeliyindəki müəssisədə güzəştli satış elan edib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin 15%-ni əmək kollektivinə güzəştli satışa çıxarıb. Ümumilikdə 1.413.005 ədəd səhmin hər birinin nominal dəyəri 2 manat təşkil edir.
Qiymətli kağızları əldə etmək hüququ yalnız aşağıdakı şəxslərə aiddir: əsas iş yeri müəssisə olan işçilər; qanunvericiliyə uyğun olaraq əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər; müəssisədə 7 ildən çox çalışan və təqaüdə çıxmış şəxslər; həmçinin 1 yanvar 1995-ci ildən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.
Müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası güzəştli satışa sifarişləri 23 sentyabr – 17 oktyabr 2025-ci il tarixlərində qəbul edəcək. Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvləri və onlara bərabər tutulan şəxslər “Qiymətli kağızlar bazarı haqqında” qanuna əsasən investisiya şirkətlərində depo-hesab açmalıdırlar.
Güzəştli satışın yekun nəticələrini təsdiq etmək üçün 17 oktyabr 2025-ci il tarixində müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək və yekun sənədlər Hərracların Təşkili Mərkəzinə təqdim olunacaq. Əgər müəyyən edilmiş müddətdə satış baş tutmasa, həmin səhmlər qanunvericiliyə uyğun qaydada istifadə olunacaq.