BİRJA

08 İyul

ABB səhmlərinin ucuzlaşması post-dividend dövrü ilə bağlıdır - Nadir Babazadə

“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) səhmlərinin qiymətində baş verən ucuzlaşma post-dividend dövrünə təsadüf edir və bu, normal bazar mexanizminin nəticəsidir.

Finss.az xəbər verir ki, bunu “ABB İnvest” İnvestisiya Şirkətinin icraçı direktoru Nadir Babazadə qurumun fəaliyyətinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dividendin qiyməti səhmlərin dəyərində artıq əvvəlcədən əks olunduğuna görə, dividend ödənişindən sonra bəzi investorlar satışa üstünlük verir, digərləri isə gözləmə mövqeyində qalır:

“ABB uzun illərdir davamlı olaraq dividend ödəyir. Xalis mənfəətinə, aktivlərinə görə lider bank olaraq qalır. Ən əsası isə bütün məlumatlar şəffaf şəkildə açıqlanır. İnvestisiya tövsiyəsi verməsək də, subyektiv fikrimcə, ABB səhmlərinin ucuzlaşması yeni fürsət kimi qiymətləndirilə bilər”.

N.Babazadə əlavə edib ki, “ABB İnvest” bu ilin sonunadək yerli bazarda olduğu kimi, ABŞ birjalarında ticarət olunan istiqrazların da mobil tətbiq üzərindən investorlar üçün əlçatan olmasını təmin edəcək. Bunun üçün ABŞ-da fəaliyyət göstərən bir şirkətlə əməkdaşlıq çərçivəsində yerli investorlar birbaşa öz adları ilə bu birjalarda investisiya edə biləcəklər.

“Bu yanaşma investorları müəyyən risklərdən qoruyur. Həmçinin, hazırda istiqrazların sığortası ilə bağlı qanun layihəsi üzərində iş aparılır. Mərkəzi Bank və kapital bazarının digər iştirakçıları ilə birlikdə dəyişikliklərin hazırlanması tövsiyə edilib. Əsas məqsəd investorların hüquqlarının və vəsaitlərinin daha etibarlı şəkildə qorunmasıdır”, — deyə icraçı direktor bildirib.

Qeyd edək ki, ABB İnvest ölkədə investisiya xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı iştirakçılardan biridir və kapital bazarının inkişafına yönəlik bir sıra yeniliklərə imza atmağı hədəfləyir.

Fuad Mədətov
Finss.az