Azərbaycanın sosial-iqtisadi inkişafında sistemli və uzunmüddətli yanaşma dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə “Azərbaycan 2030: Milli Prioritetlər” sənədinə əsasən hazırlanan və Prezidentin müvafiq sərəncamı ilə təsdiqlənmiş 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası ölkənin davamlı rifahını və iqtisadi sabitliyini hədəfləyir.
Bu genişmiqyaslı hədəflərin həyata keçirilməsində Azərbaycan Mərkəzi Bankı (AMB) əsas icraçı qurumlardan biri kimi çıxış edir. Makroiqtisadi sabitliyin qorunması, maliyyə inklüzivliyinin artırılması, bank və sığorta sektorlarının inkişafı, nağdsız ödənişlərin təşviqi, eləcə də maliyyə savadlılığının genişləndirilməsi sahəsində Mərkəzi Bankın fəaliyyəti strateji məqsədlərlə sıx bağlıdır.
“Report”a müsahibəsində Mərkəzi Bankın Strategiya və layihə idarəetməsi departamentinin direktoru Fuad Cəfərov strategiyanın icrası, indiyədək görülmüş əsas işlər, əldə edilmiş nəticələr və gələcək planlar haqqında danışıb.
Həmin müsahibəni təqdim edirik:
- “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində Mərkəzi Bank tərəfindən hansı strateji təşəbbüslər həyata keçirilir?
- Qeyd edim ki, Azərbaycanın uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edən və ölkənin dayanıqlı rifahının təmin edilməsinə xidmət edən “Azərbaycan 2030: Milli Prioritetlər” əsasında formalaşdırılmış 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası milli iqtisadiyyatın bütün sektorlarında sistemli və nəticəyönümlü islahatların aparılmasını nəzərdə tutur. Bu strategiya Prezidentin sərəncamı ilə “Azərbaycan 2030: Milli Prioritetlər” əsasında hazırlanmış mühüm bir sənəddir. Əsas məqsədi ölkədə sosial və iqtisadi inkişafın davamlılığını təmin etmək olan bu strategiya çərçivəsində bir sıra qurumlar tərəfindən mühüm strateji təşəbbüslər həyata keçirilir.
Məlum olduğu kimi, maliyyə sabitliyi ölkədə sosial-iqtisadi tərəqqinin mühüm komponentidir. Beləliklə də, maliyyə sektorunda tənzimləmə və nəzarət funksiyasını həyata keçirən Mərkəzi Bank bu strateji sənədin icrasında makroiqtisadi sabitliyin təmin edilməsi, maliyyə inklüzivliyinin və dayanıqlılığının artırılması, o cümlədən, bank, kapital, sığorta sektorlarının və ödəniş sistemlərinin inkişafını dəstəkləyən genişmiqyaslı fəaliyyətlər həyata keçirir.
AMB strategiyada “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” milli prioritetinin tərkib hissəsi olan “Daxili və xarici təsirlərə dayanıqlıq” məqsədi üzrə 9 tədbirin əsas icraçısı kimi müəyyən edilib. Eyni zamanda, Mərkəzi Bank bu məqsəd üzrə yaradılmış “Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupu”na rəhbərlik edərək əlaqələndirici funksiyanı da yerinə yetirir.
Qeyd etmək istərdim ki, effektiv kommunikasiya və koordinasiya strategiya çərçivəsində müəyyənləşdirilmiş tədbirlərin icrasına əhəmiyyətli töhfə verib. Belə ki, tədbirlərin icrası üzrə tərəfdaş qurumlarla əməkdaşlıq gücləndirilib, məlumat mübadiləsi və kommunikasiya imkanları genişləndirilib. Bu da tədbirlərin vaxtında və səmərəli icrasına şərait yaradıb.
-Strategiyanın icrası çərçivəsində Mərkəzi Bank tərəfindən indiyədək həyata keçirilmiş əsas fəaliyyətlər və nailiyyətlər hansılardır? Bu fəaliyyət nəticələrinin qiymətləndirilməsi necə aparılır?
- Təbii ki, strategiyanın icrası çərçivəsində görülən tədbirlərin effektivliyinin qiymətləndirilməsi məqsədilə müvafiq monitorinq və hesabatlılıq mexanizmləri tətbiq olunur. Bu çərçivədə aparılan qiymətləndirmələr dövlət qurumlarının fəaliyyətlərinin şəffaflığını və nəticəyönümlülüyünü artırmağa xidmət edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Strategiyanın monitorinqi və hesabatlılığının aparılması üzrə məsul olan qurumdur. İİTKM tərəfindən 2024-cü il üzrə aparılmış qiymətləndirmə nəticələrinə əsasən, Mərkəzi Bank ilkin və aralıq nəticə indikatorları üzrə 80 %-dən yüksək nəticə əldə edib. Bu isə o deməkdir ki, strategiya çərçivəsində nəzərdə tutulan tədbirlərin əksəriyyəti tam və ya yüksək səviyyədə icra olunub.
Ümumilikdə, 2024-cü il ərzində AMB tərəfindən bank və sığorta sektorlarında, həmçinin kapital bazarlarında beynəlxalq standartlara uyğun tənzimləmə çərçivəsinin formalaşdırılması, milli ödəniş sisteminin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin artırılması və pul siyasətinin kommunikasiyasının genişləndirilməsi istiqamətlərində mühüm addımlar atılıb. Bu dövrdə bankların kreditvermə imkanları genişlənib, maliyyə sektorunda şəffaflıq və hesabatlılıq daha da gücləndirilib.
İcra nəticələri göstərir ki, Mərkəzi Bank strategiyada müəyyən edilmiş kəmiyyət hədəflərinin əksəriyyəti üzrə gözləntiləri üstələyən nəticələr əldə edib. Məsələn, milli ödəniş sistemi üzrə iqtisadi subyektlər tərəfindən aparılan əməliyyatların həcminin 5 % artırılması hədəfinə qarşı faktiki artım 62,5 % olub.
Bank sektorunda aktivlərin həcminin baza ilinə nəzərən illik əsasda 8 % artırılması hədəflənsə də, faktiki artım 19 % təşkil edib. Kredit portfeli üzrə baza ilinə nəzərən 10 %-lik artım hədəfi ilə müqayisədə 36 % artım qeydə alınıb. Biznes kreditləri üzrə isə baza ilinə nəzərən planlaşdırılan illik 6 %-lik artım əvəzinə 35,7 %-lik nəticə əldə olunub.
Təbii ki, icra prosesində bəzi hədəflər üzrə geriqalma halları da müşahidə edilib. Məsələn, mikro, kiçik və orta bizneslərə verilmiş kreditlərin həcmi üzrə baza ilinə nəzərən illik əsasda 15 %-lik hədəfə qarşı yalnız 11,5 % artım qeydə alınıb ki, bu da hədəfə tam uyğunluğun təmin olunmaması deməkdir.
Sığorta sektorunda isə hüquqi çərçivənin təkmilləşdirilməsi və ümumilikdə institusional inkişafa yönəlmiş islahatların keçirilməsi sektorda müsbət dinamikanı şərtləndirib. Belə ki, sığorta bazarının həcmində 10 %-lik hədəfə nəzərən 10,7 % artıma nail olunub.
- Geniş ictimaiyyət üçün əhəmiyyət kəsb edən başqa hansı strateji təşəbbüslər həyata keçirilib?
- Çox mühüm bir məqama toxundunuz. Öncə də qeyd etdiyim kimi, Mərkəzi Bankın fəaliyyətinin əsasında ölkənin tərəqqisinə və xalqın rifahına mühüm töhfə verən makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması dayanır. AMB öz fəaliyyəti çərçivəsində bir sıra mühüm istiqamətlər müəyyən edib. Bu istiqamətlər sırasında maliyyə sahəsində məlumatlılığın artırılması xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə Mərkəzi Bankın fəaliyyəti çoxşaxəlidir. Belə ki, AMB tərəfindən məktəblərdə və ali təhsil müəssisələrində müxtəlif maarifləndirici sessiyalar keçirilir. Bu sessiyalarda iştirakçılara maliyyə gündəminin ən mühüm mövzuları üzrə nəzəri və praktiki biliklər aşılanır.
Bundan əlavə, Mərkəzi Bankın Virtual təhsil platforması müxtəlif sahələri əhatə edən 40-dan çox onlayn təlim proqramı təklif etməklə maliyyə məlumatlılığının artırılmasında effektiv bir platformaya çevrilib. İctimai rəyin formalaşmasında mühüm rola malik olan media nümayəndələri üçün mərkəzi bankçılıq üzrə müxtəlif təlimlərin və təqdimatların təşkil olunması artıq bir ənənəyə çevrilib. Mediada Mərkəzi Bankın mühüm pul siyasəti qərarları və tənzimləyici çərçivələri üzrə müntəzəm izahlı müsahibələr dərc olunur. Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə televiziya və sosial şəbəkələrdə maarifləndirici materiallar yayımlanır.
Əlavə olaraq, sığorta sektorunun inkişafının dəstəklənməsi məqsədilə hazırlanmış Aktuari İnkişaf Proqramı çərçivəsində beynəlxalq səviyyədə qəbul olunan tədris proqramlarına uyğun seminar və təlimlər təşkil olunub. İştirakçılar müxtəlif modullar üzrə imtahanlara cəlb edilib və yerli sığorta şirkətlərində təcrübə proqramlarına qatılıb. Bu təşəbbüs sığorta sahəsində insan kapitalının inkişaf etdirilməsinə xidmət edir.
Eyni zamanda, vətəndaşlar üçün e-cbar.az internet səhifəsinə daxil olmaqla “Elektron müraciətlər sistemi” vasitəsilə (contact.e-cbar.az) Mərkəzi Banka müraciət etmək imkanı yaradılıb. Beləliklə, vətəndaşlar bu səhifə vasitəsilə öz təklif, ərizə və şikayətlərini göndərə, elektron müraciətin icrası və yekun nəticəsi barədə bildirişlərin mobil nömrə və elektron poçt vasitəsilə əldə edə bilərlər.
Sadalanan bu təşəbbüslər dayanıqlı inkişafı stimullaşdıran amillərdən biri kimi müəyyənləşdirilmiş maliyyə inklüzivliyinin genişləndirilməsinə töhfə vermək məqsədilə həyata keçirilir.
- Strategiyann icrası ilə bağlı perspektivdə hansı təşəbbüslər var?
- Strateji dövr ərzində əldə edilən nəticələr növbəti mərhələlər üçün fəaliyyət planlarının formalaşdırılması və yeni təşəbbüslərin hazırlanması baxımından əhəmiyyətli töhfə verir.
Cari ildə də əsas məqsədimiz ölkədə maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun dayanıqlı inkişafını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi olacaq. Belə ki, bank, sığorta və kapital bazarlarının inkişafı, normativ və institusional çərçivənin gücləndirilməsi, vətəndaşların maliyyə savadlılığının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi sahələr əsas prioritetlər arasında yer alacaqdır.
Bu istiqamətdə bir sıra konkret hədəfləri qeyd etmək istəyirəm. Məsələn, iqtisadi subyektlər tərəfindən milli ödəniş sistemi üzrə aparılan əməliyyatların həcminin 5 % artırılması, eləcə də nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların xüsusi çəkisinin 5 faiz bəndi artırılması hədəflənir. Sığorta bazarına dair əsas hədəf isə bazar həcminin 10 % artırılmasıdır.
Kapital bazarları istiqamətində Mərkəzi Bankın Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyalar Təşkilatına (IOSCO) imtiyazlı üzv statusunun əldə edilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması, Azərbaycanın üzv olduğu 2 beynəlxalq maliyyə təşkilatının manatda istiqraz emissiyası və “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”na dəyişiklik layihəsinin hazırlanması planlaşdırılır.
Bank sektoru üzrə isə aktivlərin həcminin, kredit portfelinin, o cümlədən biznes kreditləri və mikro, kiçik və orta bizneslərə verilən kreditlərin həcminin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Gələcəyə baxışımız nikbindir, planlarımız genişdir. İnanıram ki, Mərkəzi Bank olaraq çoxşaxəli fəaliyyətimizlə innovasiyalara, şəffaflığa və dayanıqlılığa əsaslanan inklüziv maliyyə sisteminin formalaşdırılmasına mühüm töhfə veririk.