BİRJA

30 İyun

Moskva Birjası ICLIMATE indeksini hesablamağa başlayır

Finss.az - 1 iyul tarixindən “Moskva Birjası” qeyri-maliyyə sektorundakı şirkətlər üçün iqlim dayanıqlılığı indeksini – ICLIMATE-i hesablayıb yayımlamağa başlayacaq.

Bu yeni indeks, iqlim təşəbbüslərinə aktiv dəstək verən və ekoloji məsuliyyətə önəm verən şirkətləri bazarda seçmək üçün investorlar üçün əhəmiyyətli göstərici rolunu oynayacaq.

İndeksə 34 emitentin səhmləri daxil edilib, hər birinin çəkisi 15%-dən çox deyil. İndeksin hesablanma bazası ildə bir dəfə formalaşacaq, parametrlər kvartalda yenilənəcək və gündəlik hesablamalar əsas ticarət sessiyasının sonunda aparılacaq.

ICLIMATE indeksinin əsasında “Moskva Birjası” ilə konsaltinq şirkəti “CarbonLab” arasında hazırlanmış iqlim dayanıqlılığı reytinqi dayanır. Bu reytinqdə şirkətlər ESG kriteriyalarına uyğun qiymətləndirilir, karbon izi və iqlim riskləri nəzərə alınır.

Emitentlər 64 göstərici üzrə dəyərləndirilir və bu göstəricilər doqquz əsas blokda qruplaşdırılır. Qiymətləndirmənin nəticəsində şirkətlər F-dən AA-ya qədər iqlim dayanıqlılığı reytinqi alırlar. İndeksə E-dən AA-ya qədər reytinqə malik şirkətlərin səhmləri daxil edilib.

“Moskva Birjası”nın indeks məhsulları üzrə inkişaf direktoru Sergey Golovanevin sözlərinə görə, ICLIMATE birjada mövcud ESG indekslər arasında altıncı indeksdir, lakin öz metodologiyası ilə hesablanan ilk göstəricidir. Burada rus şirkətləri üçün xüsusi iqlim riskləri və imkanlar da nəzərə alınıb.

Bundan əlavə, qeyri-maliyyə şirkətlərinin iqlim dayanıqlılığı üzrə tam gəlir indeksi (kod – ICLIMATETR) də hesablanacaq.