Finss.az - 5 iyun 2025-ci il tarixində Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Şirvan Şəhər İcra Hakimiyyəti və investisiya şirkətlərinin iştirakı ilə Şirvan şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil edilib.
Tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı imkanları, “CFI Financial” İnvestisiya Şirkətinin sahibkarlıq subyektlərinin alternativ maliyyə cəlbi üsulları, “ABB-İnvest” İnvestisiya Şirkətinin qiymətli kağız buraxılışında anderraytinq xidməti və “Unicapital” İnvestisiya Şirkətinin kapital bazarında investor olmağın üstünlükləri mövzularında təqdimatları olub.
Qeyd edək ki, bu, sayca on beşinci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki və Zaqatala şəhərlərində təşkil olunub.
Mütəmadi şəkildə həyata keçirilən investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.


Zemfira Ms
Finss.az