Finss.az - ABŞ vitse-prezidenti Cey Di Vens Las-Veqasda keçirilən Bitcoin 2025 konfransında kripto sənayesinin inkişafının ABŞ iqtisadiyyatına və dollarına müsbət təsir göstərəcəyini bildirib.
Onun sözlərinə görə, bitkoin artıq iqtisadiyyat üçün adi bir valyuta halına gəlib və bu tendensiya gələcəkdə də davam edəcək.
Vens konfransda qeyd edib ki, hazırda təxminən 50 milyon amerikalı bitkoinə sahibdir və bu sayın yaxın gələcəkdə 100 milyon nəfərə çatacağı gözlənilir. O, həmçinin vurğulayıb ki, kriptovalyutaya münasibət ABŞ-da prezident Donald Trampın hakimiyyətə gəlməsindən sonra daha müsbətə doğru dəyişib.
“Biz “ağıllı insanlar” kimi kriptovalyutanı təhlükə kimi yox, iqtisadiyyat üçün faydalı faktor kimi qiymətləndiririk,” – deyə vitse-prezident əlavə edib.
Bu il 27-29 may tarixlərində Nevada ştatının Las-Veqas şəhərində keçirilən Bitcoin 2025 konfransında ABŞ-ın digər tanınmış şəxsləri – Donald Trampın oğlu, Erik Tramp və məşhur sahibkar Maykl Seylor da iştirak edirlər.
Kripto sənayesində bu cür yüksək səviyyəli dəstəyin olması, sektorda innovasiyaların və investisiyaların artacağını göstərir ki, bu da qlobal maliyyə bazarlarında yeni dinamika yaradacaq.