Azərbaycanda investisiya fondlarının aktivlərinin qeydiyyatı və saxlanması sahəsində mühüm institusional dəyişiklik baş verir. Milli Depozit Mərkəzi (MDM) investisiya fondlarının depozitarlıq funksiyasını icra etmək üçün layihəyə start verib və artıq ilkin əməliyyat sxemləri hazırlanıb.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən Maliyyə İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı məlumat verib.
M.Əhmədli qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, hər bir investisiya fondu yaradılarkən, onun aktivləri üzrə depozitar qurumun təyini tələb olunur. Lakin bazarda özəl depozitar təşkilatların olmaması, fondların yaradılmasında ciddi maneəyə çevrilmişdi.
“Mövcud şərtlər və bazar həcmləri şəraitində özəl sektor üçün bu sahədə depozitar fəaliyyəti gəlirli hesab olunmur. Bu səbəbdən qanuna dəyişiklik edilərək, investisiya fondlarının depozitar funksiyasının birbaşa MDM-ə həvalə olunması təmin edildi”, – deyə o bildirib.
Yeni mexanizmə əsasən, MDM artıq lisenziya tələb olunmadan bu funksiyanı icra edə biləcək.
Onun sözlərinə görə, artıq bu istiqamətdə praktik işlərə başlanılıb. Lakin layihənin tam tətbiqi bir neçə sistem arasında məlumat mübadiləsi tələb etdiyindən mərhələli şəkildə həyata keçiriləcək.
M.Əhmədli onu da əlavə edib ki, qanunvericiliyə görə, investisiya fondları struktur baxımından iki əsas formaya – səhmdar və paylı investisiya fondlarına bölünür. Paylı fondlar isə açıq, interval və qapalı olmaqla təsnifləndirilir.
“Bu fondların hər bir növü üçün aktivlərin idarə olunması, hesabatlılıq və məlumatların açıqlanması üzrə fərqli tələblər mövcuddur. MDM bu fərqlilikləri nəzərə alaraq texniki və hüquqi çərçivələri uyğunlaşdırmaq üçün addımlar atır”, – deyə o vurğulayıb.