BİRJA

19 May

JPMorgan Netflix-in reytinqini endirdi: Risklər artır

Finss.az - ABŞ-ın aparıcı investisiya banklarından biri olan JPMorgan, striminq nəhəngi Netflixin səhm reytinqini “bazarı üstələyir” səviyyəsindən “neytral” səviyyəyə endirib.

Bank bu qərarını son dövrlərdə Netflix səhmlərinin kəskin bahalaşması fonunda risk və gəlir nisbətinin cazibədarlığının azalması ilə əsaslandırıb.

JPMorgan Netflix-in sektordakı lider mövqeyinə və uzunmüddətli potensialına müsbət baxışını davam etdirsə də, yaxın perspektivlərin daha balanslı olduğunu vurğulayıb. Qeyd edək ki, Netflix səhmləri 2022-ci ilin oktyabrından bəri təxminən 400% artaraq tarixi maksimum səviyyələrdə ticarət olunur və bu artım daha geniş bazarı xeyli qabaqlayıb.

Bununla belə, JPMorgan şirkətin 2025-ci il üzrə hədəf qiymətini əvvəlki 1 150 dollardan 1 220 dollara qaldırsa da, mövcud qiymətləndirmənin artıq bu artım potensialını əks etdirdiyini bildirib. Hazırda Netflix səhmləri bankın 2026-cı il üçün GAAP (ümumi qəbul olunmuş mühasibat prinsipləri) üzrə proqnozlaşdırdığı mənfəətin 39 qatı, sərbəst pul axınının isə 44 qatı ilə qiymətləndirilir.

Banka görə, bu göstəricilər Netflix səhmlərinin artıq kifayət qədər dəyər qazandığını göstərir. Bununla əlaqədar olaraq, şirkət Netflix-i ABŞ üzrə fokusda saxladığı əsas səhmlər siyahısından da çıxarıb.

JPMorgan analitiki Dağ Anmut bildirib ki, Netflix son dövrlərdə makroiqtisadi qeyri-müəyyənlik şəraitində qoruyucu investisiya kimi çıxış edib. Lakin tariflər və iqtisadi risklər zəiflədikcə investorların diqqətinin Amazon və Meta kimi digər texnologiya nəhənglərinə yönələcəyi ehtimal olunur.

Bununla belə, Anmut Netflix-in əsas göstəricələrinin hələ də güclü olduğunu vurğulayıb. Analitik 2026-cı ilə qədər iki rəqəmli gəlir artımı, mənfəət marjasının genişlənməsi, sərbəst pul axınının və səhmlərin geri alım proqramının artmasını proqnozlaşdırır. Şirkətin reklam gəlirləri də artmaqda davam edir və 2025-ci ildə bu sahədə gəlirin ikiqat artması gözlənilir.

JPMorgan yay aylarında mövsümi zəifləmə və şirkətin illik təqdimat tədbirindən (Upfront) sonra bazara təsir göstərə biləcək katalizatorların azalması kimi qısamüddətli risklərə də diqqət çəkib.

Bankın yekun qənaətinə görə, son dövrlərdə baş verən kəskin qiymət artımından sonra Netflix səhmlərində risk və gəlir nisbəti əvvəlki qədər cəlbedici deyil.