BİRJA

16 May

ABŞ fond indeksləri müxtəlif istiqamətli dəyişikliklərlə bağlanıb

Finss.az - ABŞ fond bazarı cümə axşamı günü müxtəlif istiqamətli dinamikayla yekunlaşıb.

İnvestorlar ölkədə açıqlanan makroiqtisadi göstəriciləri və korporativ sektorda baş verən yenilikləri diqqətlə izləyirdilər.

Aprel ayında ABŞ-da pərakəndə satışlar 0,1% artaraq analitik proqnozlarını üstələyib. Mart ayı üzrə yenilənmiş göstərici isə əvvəlki 1,4%-dən 1,7%-ə qaldırılıb. Eyni zamanda ilkin işsizlik müavinəti üçün müraciət edənlərin sayı 229 min nəfər səviyyəsində qalaraq bazar gözləntilərini doğruldub.

Sənaye istehsalı aprel ayında dəyişməz qalıb. Halbuki Trading Economics analitikləri 0,2%-lik artım proqnozlaşdırırdılar. Nyu-York ştatının istehsalat aktivliyini ölçən Empire Manufacturing indeksi isə mayda -9,2 bəndə enərək regionda biznes şəraitinin pisləşməsini əks etdirib.

Ən diqqətçəkən göstəricilərdən biri isə istehsalçı qiymətləri indeksinin (PPI) 0,5% azalması olub. Bu, 2020-ci ilin aprelindən bəri ən böyük aylıq geriləmə kimi qiymətləndirilir və bazar analitiklərinin 0,2%-lik artım gözləntiləri ilə ziddiyyət təşkil edir. Harris Financial Group-un nümayəndəsi Ceymi Koks bu göstəricilərin stagflasiya ehtimallarını zəiflətməsinə diqqət çəkib: “İqtisadi artım zəifləyir, lakin dezinflasiya tendensiyası davam edir.”

FED sədri Cerom Pauell isə dəyişkən inflyasiya risklərinə toxunaraq, faiz dərəcələrinin yüksək səviyyədə saxlanılmasının zəruriliyini vurğulayıb.

Şirkət xəbərləri

  • Walmart Inc. səhmləri 0,5% ucuzlaşıb. Şirkət ilk maliyyə rübündə gəlirini 2,5% artırsada, xalis mənfəəti 12% azalıb.

  • UnitedHealth Group səhmləri 11% dəyər itirib. Ədliyyə Nazirliyi şirkətə qarşı Medicare Advantage proqramı çərçivəsində istintaq başladıb.

  • Deere Co. ikinci rübdə mənfəətini 24%, gəlirini 16% azaltsa da, bazar gözləntilərini üstələyərək səhmlərinin dəyərini 3,8% artırıb.

  • Dick's Sporting Goods, rəqibi Foot Locker Inc.-i 2,4 milyard dollara alıb. Nəticədə Foot Locker səhmləri 86% bahalaşıb, Dick's səhmləri isə 14,5% ucuzlaşıb.

  • Cisco Systems Inc. xalis mənfəətini 32%, gəlirini isə 11% artıraraq səhmlərinin 4,9% bahalaşmasına səbəb olub.

Fond indekslərinin bağlanış göstəriciləri

  • Dow Jones Industrial Average 0,65% artaraq 43 222,75 bənd olub.

  • SP 500 0,41% artaraq 5 916,93 bəndə çatıb.

  • Nasdaq Composite isə 0,18% azalaraq 19 112,32 bənd səviyyəsində bağlanıb.