BİRJA

05 May

Rusiya səhm bazarında eniş

Finss.az - Bu gün, 5 may 2025-ci il tarixində Moskva Birjasında səhmlər mülayim enişlə ticarətə başlayıb.

Rusiya-Ukrayna münaqişəsinin nizama salınması ilə bağlı artan qeyri-müəyyənlik və dünya kapital bazarlarından gələn mənfi siqnallar investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olub.

Moskva vaxtı ilə saat 07:01-ə olan məlumata görə, Moex indeksi 0,3% azalaraq 2828,06 bənd səviyyəsində qərarlaşıb. Ən çox ucuzlaşma neft-qaz sektorunda müşahidə olunub. Xüsusilə, “Qazprom”un səhmləri 1,9%, “Surgutneftegaz”ın səhmləri isə 0,9% dəyər itirib. “Rosneft”, “LUKOIL” və “NOVATEK” kimi şirkətlərin də səhmləri mənfi dinamikada qalır.

Əvəzində bazarda bəzi müsbət trendlər də müşahidə olunub. “Moskva birjası”nın səhmləri 1,3%, “Severstal” və “İnter RAO”nun səhmləri isə 0,9% artıb.

Bu arada, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirsə də, vəziyyətin hələ də qeyri-müəyyən olduğunu etiraf edib. O, Moskvanın davranışına əsasən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyini də istisna etməyib. ABŞ Senatında artıq bu istiqamətdə 500%-ə qədər gömrük tarifləri nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.

Neft bazarlarında isə qiymətlərdə ciddi azalma qeydə alınıb. Brent markalı neft 3,57% ucuzlaşaraq 59,1 dollar, WTI markalı neft isə 3,83% azalma ilə 56,06 dollar/barel səviyyəsinə enib. Bu eniş OPEC+ ölkələrinin hasilatı sürətlə artırmaq qərarından sonra baş verib. Qeyd olunur ki, iyun ayından etibarən gündəlik 411 min barellik artım baş tutacaq.

Digər tərəfdən, ABŞ-da ötən həftə açıqlanan əmək bazarı göstəriciləri bazarlarda müsbət əhval-ruhiyyə yaradıb. SP 500 indeksi 1,47% artaraq 5686,67 bəndə, Nasdaq isə 3,4% həftəlik yüksəlişə nail olub.

Bununla belə, həftənin ilk iş günü başlayan ticarətdə SP 500 fyuçersləri 0,75% azalıb. Asiya-Sakit Okean regionunda da satışlar üstünlük təşkil edir. Yaponiya, Çin və Cənubi Koreya birjaları bayram günləri səbəbilə fəaliyyət göstərmir.