FInss.az - Böyük Britaniyanın əsas fond indeksi olan FTSE 100, Avropanın digər bazarlarının bayram səbəbilə bağlı olduğu bir gündə cümə axşamı ticarət sessiyasını zəif artımla başa vurub.
İndeks 1,95 bənd və ya 0,02% yüksələrək ardıcıl 14-cü sessiyanı müsbət zonada tamamlayıb və bununla da son bir ayın ən yüksək səviyyəsinə çatıb.
Analitiklərin fikrincə, bazarlarda investorların əhval-ruhiyyəsi iqtisadi qeyri-müəyyənlik, zəif makroiqtisadi göstəricilər və qarışıq şirkət hesabatları səbəbilə ehtiyatlı olaraq qalır. Trading Economics qeyd edir ki, bu amillər bazarda volatilliyi artırır.
Sənaye sektorunda da qarışıq siqnallar müşahidə olunub. SP Global tərəfindən açıqlanan məlumatlara əsasən, Böyük Britaniyada istehsalat üzrə PMI indeksi aprel ayında 45,4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə (44,9 bənd) artım deməkdir. Lakin indeks hələ də 50 bənd həddinin altında qalır və bu, sənaye aktivliyində zəifliyi göstərir.
Ticarət sessiyasında bir sıra şirkətlərin səhmlərində ciddi bahalaşmalar müşahidə olunub. St. James's Place investisiya şirkəti 6,8%, Whitbread otel və restoran şəbəkəsi isə 5,8% dəyər qazanıb. EasyJet, InterContinental Hotels Group, Anglo American, Persimmon və Prudential kimi iri şirkətlərin səhmlərində də müvafiq olaraq 2,6%–4% arası artım qeydə alınıb.
Bununla yanaşı, bəzi iri şirkətlərin səhmlərində azalma müşahidə olunub. Lloyds Banking Groupun səhmləri 2,7%, London Stock Exchange – 2,3%, GSK və AstraZeneca isə 1,4% və 1,1% ucuzlaşıb. Neft nəhəngi BP Plc-nin səhmləri isə 0,1% geriləyib.