Finss.az - ABŞ fond bazarlarında çərşənbə axşamı günü müsbət dinamika müşahidə olunub.
İştirakçılar ABŞ-ın ticarət tərəfdaşları ilə mümkün razılaşmalara dair nikbinlik nümayiş etdiriblər.
SP 500 indeksi ardıcıl altıncı sessiyada artaraq 5.560,83 bəndə (+0,58%) çatıb. Bununla belə, Donald Trampın prezidentliyə qayıdışından sonrakı 100 gün ərzində indeks 7,3% dəyər itirib və bu, 1973-cü ildən bəri ən zəif nəticə hesab olunur. Dow Jones da oxşar şəkildə bu müddət ərzində 6,8% azalma ilə Niksonun ikinci dönəmindən bəri ən pis performansını göstərib. Nasdaq Composite isə 11% dəyər itirərək 2001-ci ildəki Buş dövründən bəri ən pis 100 günlük nəticəni qeydə alıb.
ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, Vaşinqton yaxın günlərdə Hindistanla ticarət razılaşması imzalamağa hazırlaşır. Eyni zamanda Cənubi Koreya və Yaponiya ilə danışıqların irəlilədiyi vurğulanıb. Ticarət naziri Hovard Latnik isə CNBC-yə açıqlamasında böyük bir razılaşmanın yaxın olduğunu bildirsə də, tərəf ölkəni açıqlamayıb.
Bazar iştirakçılarının əhvalına Prezident Trampın avtomobil sənayesini rüsumların təsirindən qorumaq məqsədilə sərəncam imzalamaq planı da müsbət təsir edib.
Bu həftə investorlar üçün vacib statistik məlumatların açıqlanması gözlənilir. Çərşənbə günü ABŞ-ın ÜDM göstəricisinin ilkin nəticələri, gəlir və xərclər statistikası təqdim olunacaq. Həmin məlumatlar inflyasiya və FED-in gələcək addımları barədə ipucları verə bilər. Cümə günü isə aprel ayı üzrə işsizlik hesabatı açıqlanacaq.
Şirkət xəbərləri:
-
Honeywell International səhmləri 5,4% bahalaşıb. Şirkət gəlirlərini 8% artırıb və struktur dəyişiklik planının 2026-cı ildə tamamlanacağını bildirib.
-
Sherwin-Williams Co. səhmləri 4,8% yüksəlib. Şirkət xalis mənfəət və gəlirdə cüzi azalma fonunda gözləntilərdən daha yaxşı nəticə göstərib.
-
Coca-Cola Co. kapitallaşması 0,8% artıb. Şirkət xalis mənfəətini 4,8% artıraraq illik proqnozlarını təsdiqləyib.
-
PayPal Holdings 2,1% artımla investor etimadını qazanıb. Şirkət xalis mənfəətini 45% artırıb.
-
General Motors 0,6% dəyər itirib. Xalis mənfəət azalsa da, gəlir proqnozları üstələyib.
-
Amazon.com Inc. isə 0,2% geriləyib. Şirkət rüsumlarla bağlı mediada yer alan məlumatları təkzib edib.
-
IBM Corp. dividendləri artıraraq 1,4% artım nümayiş etdirib.
İndeks göstəriciləri:
-
Dow Jones: +0,75% (40.527,62 bənd)
-
SP 500: +0,58% (5.560,83 bənd)
-
Nasdaq Composite: +0,55% (17.461,32 bənd)