Finss.az - Rusiya fond bazarı həftəyə artımla başlayıb.
İnvestorlar ABŞ-ın prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı müsbət mesajlarını optimist qarşılayıblar.
Moskva birjasında IMOEX indeksi 0,35% artaraq 2882,78 bəndə yüksəlib. Əsas şirkətlərin – VTB, “Rosneft”, “Qazprom”, “LUKOIL” və “Sberbank” kimi nəhənglərin səhmləri bahalaşıb. “Norilsk Nikel” və “Rusal” kimi şirkətlərin səhmlərində isə cüzi ucuzlaşma qeydə alınıb.
Donald Tramp Truth Social platformasında bildirib ki, Rusiya və Ukraynanın gələn həftə razılığa gələcəyinə ümid edir və bu halda hər iki ölkənin ABŞ-la böyük biznes imkanları olacaq.
The Wall Street Journal yazır ki, Tramp administrasiyasının Ukraynaya təqdim etdiyi münaqişənin həlli təkliflərinə bu həftə cavab gözlənilir. Razılaşma olarsa, sənəd Moskvaya təqdim edilə bilər.
Beynəlxalq birjalar və neft bazarlarında isə Pasxa bayramı ilə bağlı durğunluq müşahidə olunur. Brent nefti 66,95 dollara, WTI isə 63,69 dollara qədər ucuzlaşıb.