BİRJA

18 Aprel

Banklar və sığorta şirkətləri IPO prosesinə daha hazır görünür - Ruslan Xəlilov

Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən bəzi iri holdinqlərin tərkibindəki şirkətlər yaxın gələcəkdə ilkin kütləvi təklif (IPO) vasitəsilə səhmlərini satışa çıxara bilərlər.

Finss.az xəbər verir ki, bu barədə Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov açıqlama verib.

Onun sözlərinə görə, adıçəkilən şirkətlər maliyyə sabitliyi baxımından güclüdürlər, beynəlxalq maliyyə hesabatları standartlarına (IFRS) uyğun şəkildə hesabatlılıq aparır və korporativ idarəetmə prinsiplərinə əməl edirlər:

"Hal-hazırda IPO sahəsində əsas maraq və gözləntilər maliyyə sektoruna, müəyyən mənada isə telekommunikasiya sahəsinə yönəlib. Biz hesab edirik ki, banklar və sığorta şirkətləri bu prosesə daha hazırdır. Telekommunikasiya sektoru da bu istiqamətdə fəallaşmağa yaxındır. Lakin konkret olaraq hansı şirkətin IPO qərarı verəcəyi və bu prosesin nə zaman baş tutacağı hələlik bəlli deyil".

Fuad Mədətov
Finss.az