BİRJA

15 Aprel

Bakı Fond Birjası İllik İnvestisiya Toplantısı Konqresində iştirak edib

Finss.az - 7-9 aprel 2025-ci il tarixlərində Bakı Fond Birjasının (BFB) İdarə heyətinin sədri Ruslan Xəlilov Abu-Dabidə keçirilmiş İllik İnvestisiya Toplantısı (AIM) Konqresi çərçivəsində baş tutmuş fond birjaları rəhbərlərinin dəyirmi masa toplantısında iştirak etmişdir.

Tədbirin məqsədi dünyanın aparıcı fond birjalarının rəhbərlərini bir araya gətirərək, 2025-ci ildə qlobal maliyyə bazarlarında baş verən dəyişiklikləri müzakirə etmək, yeni tendensiyalar üzrə fikir mübadiləsi aparmaq, bazar dəyişikliklərinə yönəldilmiş innovativ həll yolları və davamlı inkişaf strategiyalarını araşdırmaq, eləcə də fond birjaları arasında əməkdaşlığı gücləndirmək və ortaq çağırışlara və imkanlara birlikdə cavab vermək üçün platforma yaratmaqdır. Həmçinin tədbirdə bazar sabitliyinin, şəffaflığın və investor etimadının artırılmasına yönəlmiş birgə strategiyalar da müzakirə olunub. Görüş çərçivəsində əsas diqqət üç istiqamətə yönəldilib: tənzimləyici çağırışlar və imkanlar, ölkələrarası listinq və əməkdaşlıq, həmçinin dayanıqlı maliyyələşmə və ESG inteqrasiyası.

BFB-nin  İdarə heyətinin sədri Ruslan Xəlilov tədbirdə çıxışı zamanı Azərbaycanın kapital bazarlarının inkişafına dair yol xəritəsini təqdim edərək, ilkin kütləvi təklif (İKT) üçün nəzərdə tutulmuş hədəfli korporativ vergi güzəştləri, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə uyğunlaşdırılmış hüquqi çərçivələr, eləcə də ölkələrarası listinq proseslərinin sadələşdirilməsi kimi təşəbbüslər haqqında danışıb. Eyni zamanda, fond birjalarının konsolidasiyası mövzusuna toxunaraq, bu prosesin investor çıxışının genişlənməsi və likvidliyin artırılması kimi üstünlükləri ilə yanaşı, texniki inteqrasiya və sistem riskləri baxımından da diqqətlə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, AIM Konqresi 2025 AIM Qlobal Fondu tərəfindən təşkil olunmuş və müxtəlif formatlarda keçirilən tədbirləri – forumlar, dialoq sessiyaları, seminarlar, yüksək səviyyəli görüşlər, AIM investisiya mükafatları və sərgisi, startap yarışmaları və ölkə üzrə spesifik investisiya imkanlarının təqdimatlarını özündə birləşdirmişdir. Konqres səkkiz əsas sahəni əhatə edir: xarici birbaşa investisiyalar (FDI), qlobal ticarət, startaplar və “unicorn”lar, gələcəyin şəhərləri, gələcəyin maliyyəsi, qlobal istehsalat, rəqəmsal iqtisadiyyat və sahibkarlıq.

Zemfira Ms
Finss.az